×
A
A
A
Sazlamalar

Elşad Nuriyev: Keçən il qeydiyyata alınmış rezidentlər tərəfindən 171 milyon manat investisiya yatırılacaq

Sumqayıt, 1 fevral, AZƏRTAC
Ötən il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib. Onlardan 12-si Ağdam Sənaye Parkının, 2-si “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 3-ü Hacıqabul Sənaye Məhəlləsinin, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
“Keçən il qeydiyyata alınmış rezidentlər tərəfindən 171 milyon manat investisiyanın yatırılması, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. Rezidentlər tərəfindən sənaye zonalarında müxtəlif tonajlı yük və xüsusi təyinatlı avtomobillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, müxtəlif tikinti kimyəvilərin, elektrik avtomat və sayğacların, yumşaq polimer qablaşdırma məhsullarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin və s. istehsalı layihələri həyata keçiriləcək”, – deyə E.Nuriyev bildirib.

Regionlar 2023-02-01 13:08:10