×
A
A
A
Sazlamalar

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilir

Bakı, 1 fevral, AZƏRTAC

“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik olunacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Dəyişiklik “Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən “Tibbi sığorta haqqında” Qanunda edilməsi nəzərdə tutulan dəyişiklik icbari tibbi sığorta müştərək maliyyələşmənin tətbiqinin 2024-cü il yanvarın 1-dək təxirə salınması ilə bağlıdır.
Belə ki, sözügedən Qanuna əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə Qanunun qeyd olunan müvafiq maddələrinin tətbiqinin 2024-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.

Səhiyyə 2023-02-01 13:06:00