×
A
A
A
Sazlamalar

Vediyə qayıtmaq ümidi ilə yaşayan Xanlar dayı məşəqqətli günlərindən danışır VİDEO

İmişli, 1 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Zaman-zaman ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən müsibətləri Xanlar Bayramov da yaşayıb, özü də azyaşlı olarkən. Onun Qərbi Azərbaycandakı uşaqlıq illəri əzab-əziyyətə çevrilib. Hətta evlərinin bir otağı ermənilərə verilib və ailəsi məcburi şəkildə bir il erməni ailə ilə yaşamalı olub. Daha sonra isə deportasiya olunan Bayramovlar yollarda da çox məşəqqətlə qarşılaşıblar.
AZƏRTAC-ın bölgə müxbiri Xanlar dayı ilə görüşüb, onun acı xatirələrini qeydə alıb.
Bayramov Xanlar İman oğlu 1937-ci il martın 1-də Qərbi Azərbaycanın Vedi rayonunun Gilanlar kəndində dünyaya göz açıb. Ailədə altı uşaq olublar və xoşbəxt günlərini hələ də çox gözəl xatırlayır: “Doğma yurdumuzda xoşbəxt günlərimiz keçib. Amma sonra ağrı-acılı günlərimiz başladı. Atam İkinci Dünya müharibəsinə gedəndə biz hələ uşaq idik. Müharibədə həlak oldu və 6 uşaqla anamızın himayəsində qaldıq, bizi çətinliklə böyütdü...”.

Xanlar dayının daha çətin günləri isə hələ qarşıda idi. Həmin dəhşətli günlər ermənilərin Gilanlara köçürülməsindən sonra başladı. Deyir ki, İrəvana Suriya, İran, Türkiyə və Livandan kütləvi şəkildə ermənilər köçürülmüşdü. Daha sonra həmin erməni ailələri Gilanlara və ətraf kəndlərə yerləşdirilmişdi. “Hətta bizim evimizin bir otağını zorla alaraq, erməni ailəsinə verdilər. Bir il müddətində biz həmin erməni ilə bir həyətdə yaşamalı olduq. Əkin-biçinimizə də ermənilər şərik çıxırdılar. Yadımdadır, balaca uşaq idim, kolxoz sədri erməni idi, məni məcburi su suvarmağa göndərirdi. Kürəyə gücüm çatmırdı, amma çətinliklə də olsa işimi birtəhər görürdüm. Əziyyətlə əldə etdiyimiz məhsulu isə ermənilər əlimizdən alırdı”, - deyir Xanlar dayı.
Ermənilərin kəndə köçürülməsindən sonra azərbaycanlılara qarşı təzyiqlərin artdığını söyləyən həmsöhbətimiz bildirir ki, 1946-cı ildən başlayaraq kənddə iclaslar təşkil olunurdu: “Bizim Azərbaycana köçməyimizi tələb edirdilər. Nəhayət, Mikoyan və Stalin əlbir olaraq bizi məcburi şəkildə doğma yurdumuzdan deportasiya etdilər. Əvvəlcə Arazboyu, sonra isə dağ kəndlərində yaşayan əhalini sürgün etdilər. Yük vaqonlarında İmişliyə gəldik. Bir həftə burada qaldıq, heç bir ev vermədilər. Sonra bir neçə ağsaqqal bizi indi yaşadığımız Şahverdili və Göbəktala kəndlərinə gətirdi. Əvvəlcə boş qalan tövlələrdə yaşamalı olduq. Sonra palçıqdan kərpic kəsərək özümüz üçün daxmalar tikdik”.

Xanlar dayı deyir ki, ev-eşik qurub yaratsa da, qəlbində Vətən həsrəti bir ağrı olaraq qalır. Çünki ən böyük arzusu doğma yurduna qayıtmaqdı. O, İmişliyə köçürüldükdən sonra üç dəfə doğma yurduna baş çəkib: “1988-ci ildə kəndimizə getmişdim, həyətimizə gəlib gördüm ki, orada erməni ailə yaşayır, çox pis oldum. Həyətdəki armud ağacı yox idi, kəsilmişdi. Böyük ağac idi və xeyli armud gətirirdi. Oturdum ağacın yerində, uşaqlıq xatirələrim yadıma düşdü və məni ağlamaq tutdu. Həmin evdə yaşayan erməni qadın gəlib soruşdu ki, niyə ağlayırsan? Dedim ki, bu ağacı niyə kəsmisiniz, sizə nə ziyanı vardı? Erməni qadın cavab verə bilmədi...”.
Bir vaxtlar böyük kənd olan Gilanlarda 1988-ci ildə cəmi dörd erməni ailəsi yaşayırdı. Qalan evlər isə viran edilmişdi... Xanlar dayı bildirir ki, kənddə evlər yerlə-yeksan olunmuş, məzarlıqlar, tarixi abidələr dağıdılmışdı. Təkcə salamat qalan Alban kilsəsi idi. Lakin ermənilər Alban xaçlarını dəyişdirərək saxtakarlıqla həmin kilsəni özünküləşdirməyə çalışıblar.
Xanlar dayı o yerlərə qayıtmaq ümidi ilə yaşayır. “Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışını eşitdikdə, elə bil uçmağa qanad açdım. Çünki illərdir ürəyimdə dağ var, o torpaqları görmək ümidi ilə yaşayıram və bu çıxış sanki mənim yarama məlhəm oldu. Mən də həmyerlilərim kimi inanıram ki, arzularımız Müzəffər Ali Baş Komandanımız sayəsində gerçəkləşəcək və biz ulu yurd yerlərimizə qovuşacağıq".
Xatırlatma: Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə, xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

 

Regionlar 2023-02-01 13:00:00

Video