×
A
A
A
Sazlamalar

Tovuzda qəhvəyi mərmər bağacığına qarşı kompleks mübarizə ilə əlaqədar müzakirələr aparılıb

Bakı, 31 yanvar, AZƏRTAC

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə növbəti tədbir Tovuz rayonunda təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Aqrar İnkişaf Mərkəzinin yerli bölmələrinin təmsilçiləri, eləcə də Tovuz Rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak ediblər.
Tədbirdə “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Nazirlər Kabinetinin Sərəncamından irəli gələn, o cümlədən zərərverici ilə əlaqədar əhalinin maarifləndirilməsinə dair məsələlər önə çəkilib. Sərəncamla təsdiq olunan “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi fəaliyyətinə dair Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin koordinasiyalı icrasını təşkil etməkdən ötrü fəaliyyət istiqamətləri müzakirə olunub. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən zərərvericinin vaxtında aşkar edilməsi, yayılmasının qarşısının alınması və qışlama ocaqlarının müəyyənləşdirilməsi məqsədilə aparılan monitorinqlər barədə məlumat verilib. Eyni zamanda iştirakçılara, o cümlədən də inzibati ərazi dairələri üzrə nümayəndələrə əhali arasında paylamaq üçün qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığının müşahidə edildiyi ölkəmizin şimal-qərb və qərb rayonlarında tədbirlərin keçirilməsi ilə yanaşı, zərərverici haqqında maarifləndirici buklet və banerlər də yerli əhali arasında paylanır, müvafiq yerlərə yapışdırılır. Eləcə də KİV-də məlumatlar, sosial şəbəkələrdə posterlər yayımlanır. Həmçinin qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub. 

 

Sosial 2023-01-31 18:44:00