×
A
A
A
Sazlamalar

Azərbaycan Gəncləri Gününə həsr olunmuş Debat raundu keçirilib

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun tərəfdaşlığı ilə Gənclər Gününə həsr olunmuş Debat raundu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin sədri Ülviyyə Axundova qonaqları və gəncləri salamlayıb və Gənclər Günü münasibətilə təbriklərini çatdırıb. Həmçinin, 2023-cü il ərzində təşkilatın fəaliyyət planı və yeni layihələrini təqdim edib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Müşfiq Cəfərov bu günün əhəmiyyətindən danışaraq gəncləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə təcrübəli debatçılar Yunis Məmmədli, Gülər Adıgözəlli, Süsən Məmmədli, Əli İsgəndərli “Gənclərə xidmət göstərən dövlət müəssisələrinin (Gənclər evləri və mərkəzlərinin) fəaliyyətlərinin inkişaf etdirilməsi və əlçatanlığının artırılması” mövzusunda Parlament debatı formatında öz arqumentlərini səsləndiriblər.
Daha sonra İctimai Birliyin Milli Debat Proqramı çərçivəsində fəal gənclər Gənclər Günü münasibətilə mükafatlandırılıblar. Təltif edilənlər arasında AZƏRTAC da var.
Qeyd edək ki, İctimai Birliyin aparıcı və ən kütləvi proqramlarından biri olan Milli Debat Proqramı respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəlik, 60-dan çox debat klubu özündə birləşdirir. Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50 mindən çox gənc iştirak edib.

Cəmiyyət 2023-01-31 18:21:00