×
A
A
A
Sazlamalar

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağdam, 31 yanvar, AZƏRTAC

Ağdam rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. 2022-ci ildə də heyvandarlıq sahəsində uğurlu nəticələr əldə olunub. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2023-cü il yanvarın 1-i tarixinə rayonda 46 min 475 baş iribuynuzlu mal-qara, 107 min 274 baş qoyun-keçi, 5377 arı ailəsi, 261 min 686 baş ev quşu olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal qara 3,8 faiz, o cümlədən inək və camışlar 2,9 faiz, qoyun və keçilər 2 faiz, arı ailələri 2,7 faiz, quşlar 2,6 faiz artıb. 2022-ci ildə süd istehsalı (fiziki çəkidə) 418 min 235 sentner olmaqla 4 faiz, ət istehsalı (diri çəkidə) 55 min 706 sentner olmaqla 4,6 faiz, yumurta istehsalı 17.763 min ədəd olmaqla 0,9 faiz, yun istehsalı (fiziki çəkidə) 2034 sentner olmaqla 0,3 faiz çoxalıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. 2022-ci ildə 5858 baş inək və düyə süni mayalandırılıb, 2850 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Kənd təsərrüfatı 2023-01-31 15:39:29