×
A
A
A
Sazlamalar

Alman nəşri Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan yazıb

Bakı, 31 yanvar, AZƏRTAC

Almaniyanın “RedaktionsNetzwerk Deutschland” nəşrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı məqalə yayımlanıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu və nəticədə səfirliyin mühafizə xidməti rəisinin həlak olmasından sonra Azərbaycanın İrana qarşı ciddi ittihamlar irəli sürdüyü qeyd edilib.
Yazıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun “Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur” fikri AZƏRTAC-a istinadla oxucuların diqqətinə çatdırılıb.
Məqalədə hadisə ilə bağlı məlumat verilərək bildirilib ki, yanvarın 27-də silahlı şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücumu nəticəsində mühafizə xidmətinin rəisi həlak olub. Hücumdan sonra Azərbaycan səfirliyin əməkdaşlarını təxliyə edib.
Həmçinin qeyd edilib ki, müşahidəçilərin fikrincə, hücum iki ölkə arasında onsuz da soyuq olan münasibətləri daha da gərginləşdirəcək. Rəsmi Tehran Azərbaycanı Qərb və onun əzəli düşməni İsraillə əməkdaşlıqda ittiham edir. İran 2020-ci ilin payızında Azərbaycana qarşı müharibədə məğlub olan Ermənistanla sıx münasibətlər saxlayır.

Siyasət 2023-01-31 14:03:00