×
A
A
A
Sazlamalar

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Seul, 31 yanvar, AZƏRTAC

Yaşıl Ətraf Mühit üzrə Koreya Gənclər Təşkilatı (GEYK) Azərbaycan tərəfindən Ermənistana qarşı Bern Konvensiyası çərçivəsində qaldırılmış dövlətlərarası arbitraj proseduruna dair açıqlama verib. 
AZƏRTAC xəbər verir ki, “Kimdir günahkar, Azərbaycan Ermənistana qarşı” başlıqlı açıqlamada ərazilərinin 30 illik işğalı dövründə sözügedən məkanda ətraf mühitə vurulmuş zərərə görə Azərbaycan tərəfindən Ermənistana qarşı qaldırılmış prosedurun bu qəbildən ilk dövlətlərarası arbitraj proseduru olduğu bildirilir. Prosedurun sonunda Azərbaycanın qalib gələcəyi təqdirdə bunun bio-müxtəlifliyə və ətraf mühitə dəymiş zərərin iqtisadi dəyərinin hesablanması ilə bağlı presedent rolunu oynayacağı barədə məlumat verilir. Açıqlamada, həmçinin Azərbaycan ərazilərində metal yataqlarının qanunsuz istismarına dair Ermənistana qarşı iddianın da sözügedən prosedura əlavə olunacağı diqqətə çatdırılır.
Qeyd edək ki, 2014-cü ildə yaradılmış GEYK qeyri-kommersiya xarakterli könüllü gənclər təşkilatıdır. Təşkilatın məqsədlərinə mövcud iqlim böhranına gənclər səviyyəsində reaksiyanın verilməsi, karbonsuz enerjiyə keçidin dayanıqlı həyat tərzinə çevrilməsi, iqlim ədalətinin bərpa edilməsi, hazırkı iqlim böhranının sonrakı nəsillərə ötürülməməsi kimi məsələlərin təşviqi daxildir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul

Siyasət 2023-01-31 13:22:00