×
A
A
A
Sazlamalar

“AzInTelecom” Elm və Təhsil Nazirliyi üçün informasiya təhlükəsizliyi xidmətləri həyata keçirir

Bakı, 31 yanvar, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətlərini əldə edən dövlət qurumlarından biri Elm və Təhsil Nazirliyi olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, əldə edilmiş razılığa əsasən, nazirliyin informasiya sistemlərinin qurulması və dayanıqlı fəaliyyəti üzrə məsul qurum olan Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) üçün İT audit, Kibertəhlükəsizlik simulyasiyası və Kibertəhlükəsizlik auditi xidmətləri göstərilir.
İT audit xidməti çərçivəsində TSİİ-yə məxsus şəbəkənin strukturunun və virtual mühitin dayanıqlılığının təmin edilməsi, şəbəkənin kənar müdaxilələrdən qorunması və sair kimi istiqamətlərdə boşluqların araşdırılması, onların aradan qaldırılması ilə bağlı tövsiyələrin verilməsi nəzərdə tutulur.
Kibertəhlükəsizlik xidməti zamanı “AzInTelecom”un əməkdaşlarının TSİİ-yə məxsus veb-tətbiqlər, elektron xidmətlər, müəssisə resurslarının planlaşdırılması (ERP) sistemlərinin təhlükəsizlik yoxlanışını (Penetration test) həyata keçirməsi planlaşdırılır. Həmçinin fiziki şəbəkə avadanlıqları və təhlükəsizlik həllərinin sazlanmalarının qiymətləndirilməsi, təkmilləşməsi üçün təkliflərin verilməsi, bu istiqamətlərdə təlimlərin keçirilməsi nəzərdə tutulur.

İKT 2023-01-31 11:42:00