×
A
A
A
Sazlamalar

Rusiyada Ümummilli Liderin 100 illiyi münasibətilə tədbirlər planı müzakirə olunub

Moskva, 31 yanvar, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfiri bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Əvvəlcə rusiyalı diplomat Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücum xəbərindən sarsıldığını bildirib, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, ölkəmizə tam dəstəyini ifadə edib.
Diplomatlar Azərbaycan ilə Rusiya arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi kontekstində ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə ikitərəfli səfərlər, iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr, hüquq-müqavilə bazasının daha da genişləndirilməsi, iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, habelə Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparıblar.
Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırıb, Azərbaycanın bu məsələlərlə bağlı mövqeyini nazir müavininin diqqətinə çatdırıb.
Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivlərinə toxunulub.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2023-01-31 11:27:00