×
A
A
A
Sazlamalar

Politoloq: Macarıstan hər zaman beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Bakı, 31 yanvar, AZƏRTAC

Azərbaycan-Macarıstan əlaqələri 30 il ərzində diplomatik əməkdaşlıqdan strateji münasibətlərə qədər böyük inkişaf yolu keçib. Bu dövr ərzində Azərbaycan və Macarıstan arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb. Ölkələr isə ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gün Azərbaycan və Macarıstan bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika, təhsil, nəqliyyat, kənd təsərrüfatı sferalarında geniş formada əməkdaşlıq edərək iki ölkə arasında qarşılıqlı münasibətlərin dərinləşməsinə təkan verməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
Politoloqun fikirlərinə görə, Macarıstan yeganə Avropa ölkəsidir ki, Türk dünyasına inteqrasiya olunmaqda maraqlıdır. Bu ölkə 2018-ci ildən Türk Dövlətləri Təşkilatında (o zaman Türk Şurası adlanırdı) müşahidəçi statusu qazanıb. Türk coğrafiyasının Avropaya körpüsü rolunu oynayan Macarıstan Mərkəzi Asiya və Azərbaycanın enerji resurslarının çatdırılmasında mühüm tərəfdaşdır. 2019-cu ildə Bakıda Türk Şurasının VII Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü iki ölkə arasında, eləcə də ümumilikdə Türk Şurası çərçivəsində əlaqələr və əməkdaşlığın daha da inkişafı baxımından irəliyə doğru atılmış addım oldu. Görüşdə Prezident İlham Əliyevin iki ölkə arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulaması, öz növbəsində, Baş nazirin “Macarıstan on il bundan əvvəl ölkənin o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda Sizin yardımınızı və bütün mənalarda göstərdiyiniz dəstəyi xatırlayır” fikrini səsləndirməsi dövlətlərarası münasibətlərdə hər iki ölkə başçısının səylərini əsirgəmədiyini göstərir. Macarıstan hər zaman bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Qarabağ hələ işğal altında olarkən Macarıstan Azərbaycanın haqq səsinin və həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında böyük rol oynayıb.
“Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəminin artdığı bir zamanda Macarıstan qaz təchizatını artırmaq, daxili tələbatlarını ödəmək və qlobal bazarda münaqişəli tərəflərdən qaz asılılığını aradan qaldırmaq baxımından Azərbaycanın strateji enerji layihələrində daha çox yer almaq istəyir. Azərbaycan Cənub və Cənub-Şərqi Avropa ölkələrinin mavi yanacaqla təminatında etibarlı və səmərəli tərəfdaşdır", - deyə Tural Əliyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan və Macarıstan yeni Şərq-Qərb nəqliyyat marşrut xətti olan Zəngəzur dəhlizi, Orta Dəhlizdə ticari, iqtisadi əlaqələrin qurulması, beynəlxalq və regional logistika sahəsində ortaq maraqları ifadə edirlər. Bu istiqamətdə ümumi təşəbbüslərin göstərilməsi, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində gələcəkdə daha geniş imkanları özündə ehtiva edir.
Macarıstan şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarda yenidənqurma işlərində iştirak etmək əzmində olmaları, habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı 120 milyon ABŞ dolları kredit xətti, ərazilərin minadan təmizlənməsi işinə maliyyə vəsaiti ayırması dostluq münasibətlərinin müsbət yöndə olmasına bariz nümunədir.

Siyasət 2023-01-31 10:58:00