×
A
A
A
Sazlamalar

Bəxtiyar İslamov: İki qardaş ölkənin dostluq və strateji müttəfiqlik münasibətləri zirvədədir

Bakı, 30 yanvar, AZƏRTAC

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının dəvəti ilə qardaş ölkəyə səfər edən YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.
Görüşdə çıxış edən Şamil Ayrım Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq bütün sahələrdə müttəfiqlik münasibətlərini uğurla inkişaf etdirdiyini vurğulayıb. O, ortaq hədəflərin reallaşmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyərək bu səfərin gənclər arasında əməkdaşlığın dərinləşdirilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov hər iki ölkənin dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin zirvədə olduğunu bildirib. O qeyd edib ki, iki qardaş ölkənin gəncləri Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına layiqli töhfə vermək əzmindədirlər. B.İslamov səfər çərçivəsində keçirilən görüşlərin gənclər arasında gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Siyasət 2023-01-30 19:58:00