×
A
A
A
Sazlamalar

Memar: Bina və qurğuların tikintisində yerli şərait və ərazinin seysmikliyi nəzərə alınmalıdır

Bakı, 30 yanvar, Ramiz Quliyev, AZƏRTAC

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, o cümlədən tarixi memarlıq abidələrimizin, yaşayış məskənlərimizin bərpasında memarlarımız da aktiv iştirak edir. Belə memarlardan biri də Fərid Bayramovdur. Onun AZƏRTAC-a müsahibəsini təqdim edirik.
-Bakı dünyanın qədim və ən gözəl şəhərlərindən biri kimi tanınır. Sizcə, son illər böyük vüsət almış çoxmərtəbəli binaların tikintisi onun qədimliyinə, tarixi görkəminə xələl gətirmirmi ?
-Azərbaycan dünyanın sivilizasiyasına uyğun olaraq öz görkəmini müasirləşdirir. Bakı şəhərinin yenidən qurulması və rekonstruksiyası üçün elmi qanunlara istinad edərək müfəssəl planı hazırlanıb. Bu planda tikililərin xarici görkəmi, tarixi baxımdan uyğunluqlarını nəzərə alaraq lazım olan tikililər saxlanılır, restavrasiya və gücləndirmə işləri gedir, tarixi əhəmiyyəti olmayan tikililər sökülür, onun yerində saxlanilan obyektlərlə həmahənglik təşkil edəcək tərzdə yeni, müasir tikililər inşa edilir. Belə tərzdə layihələnən kvartallar şəhərin görünüşünə heç bir xələl gətirmir, əksinə şəhər və qəsəbələrin ümumi görkəmini müasirləşdirir.
- Bu gün dövlət səviyyəsində əsas prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Siz də həmin ərazilərin bərpası və quruculuq işlərində yaxından iştirak edirsiniz. Bu layihələrin hazırlanmasında bir memar kimi əsas hansı məqamlara diqqət yetirmisiniz?
-Hazırda şirkətimiz işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak edir. Bir çox şirkətlər ilə subpodrat kimi əməkdaşlıq edirik. Rəhbərlik etdiyim şirkət ilə Ağdam Sənaye Parkı, Cəbrayıl Sənaye Parkı, Laçın – Sus kəndi layihələrində əməkdaşlıq edirəm. “BİMD” şirkəti ilə Fizuli və Kəlbəcər rayonlarında 4 kəndin şəhərsalma əsaslandırılması layihəsini birlikdə icra edirik. Həmçinin “Road and construction” şirkəti ilə Laçın şəhərində 2 otelin yenidən qurulması layihəsini də misal gətirmək olar.
Qeyd edim ki, kəndlərin Baş Planlarını yerinə yetirəndə, ilk növbədə, onların mövcud quruluşunu nəzərə alırıq, yaşayış məntəqəsinin mərkəz ilə əlaqəsini, qonşu kəndlər ilə keçmişdə olmuş bağlılığı, eləcə də hansı sahədə əsasən məşğuliyyətini aydınlaşdırırıq. Layihələndirmədə yaşayış məskənində yaşayan əhalinin demoqrafik tərkibinə uyğun olaraq mədəni – maarif, təhsil, inzibati, səhiyyə və digər lazım olan bütün sahələri mövcud normalara müvafiq olaraq nəzərə alırıq.
- Müasir şəhərsalmada bina tikintisində əsasən hansı tikinti materiallarından istifadə edilir. Layihə hazırlanarkən ərazinin relyefi və seysmoloji şəraiti nəzərə alınırmı?
-Bina və qurğuların tikintisində təbii ki, yerli şəraiti, ərazinin seysmikliyini, tikiləcək ərazinin mühəndis – geoloji xassəsini öyrənmədən heç bir layihəyə başlamaq olmaz. Tikinti materialına gəldikdə isə, inşa olunacaq obyektin xassəsindən asılıdır. Hansı inşaat materialından istifadə etmək ərazinin mühəndis geoloji axtarış işlərindən, həmçinin binanın memarlıq tələblərindən sonra müəyyənləşdirilir.
-Şərq və Qərb memarlığı arasında oxşar və fərqli cəhətlər...
Şərq və Qərb memarlıq üslubları böyük tarixi dönəm keçib və oturuşmuşdur. Üslubların arasındakı fərq, yerli şəraitə uyğunlaşmaq üçün nəzərdə tutulan memarlıq tədbirlərindən irəli gəlir. Təbii ki, bu fərqlərə, təkcə iqlim və şərait deyil, həmçinin tarixi hadisələr, xalqların bir diyardan digər diyara köçü, dini və ideoloji mənsubiyyətlərinin dəyişilməsi də öz töhfəsini verib.
Lakin müasir dövrümüzdə bu üslublar eyniləşməyə və bir çox ənənəvi elementlərini biri-biri ilə dəyişməyə başlamışdır. Məsələn, Qrenlandiya arktik və ya subarktik iqlim qurşağında olduğu üçün inşaat materialları soyuq keçirməyən, komponentlərdən hazırlanır. İslandiya yüksək seysmik zonada və saysız hesabsız qeyzerlər ilə əhatə olduğu üçün, binaların mərtəbələri və tikinti materialları fərqlidir. Ərəb əmirlikləri tropik və ya səhra iqlim qurşağında olduğu üçün yüksək mərtəbəli göydələnlərin fasadlarını istidən qorumaq məqsədilə uyğun olan inşaat materiallarından istifadə edilir.
Biz XXI əsrdə yaşayırıq. Müasir inşaat materialları ilə istənilən şəraitdə istənilən formanı icra etmək mümkün olur. Hazırda müasir inşaat materialları, yerli iqlim və mühit şəraitinə uyğunlaşmaq imkanları yaradır. Memarların yaratdığı əsərlər müasir dövrdə bütün sərhədləri keçib. Bu səbəbdən hazırda bina və qurğuların xarici görkəmi ilə hansı dövlətə mənsub olduğunu aydınlaşdırmaq mümkün deyil.
Demək olar ki, müasir inşaat materialları Şərq və Qərb memarlıq üslubları arasındakı fərqi sıfıra endirir.
-Bakıda və regionlarda yaşayış binalarının inşasında alternativ enerji mənbələrindən istifadə edilirmi ?
-Azərbaycanda alternativ enerji mənbələrindən istifadə etmək istiqamətində mühüm işlər görülür. Xüsusi ilə Abşeron rayonunda günəş enerjisindən, Şamaxı - Quba zonasında külək enerjisindən istifadə vaxtı çox da uzaqda deyil. Bu sahədə artıq böyük işlər həyata keçirilir.
2020-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması bunun bariz nümunəsidir.

Tikinti̇ 2023-01-30 17:44:00