×
A
A
A
Sazlamalar

Xarici turistlər ən çox hansı suvenirlərə maraq göstərirlər?

Şəki, 30 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəkili gənc sənətkar Elxan Kərimov 10 ildən çoxdur ki, ağac üzərində oyma sənəti ilə məşğul olur. Uşaqlıqdan rəssamlığa böyük maraq göstərən gənc orta məktəbi bitirdikdən sonra Mingəçevir Turizm Kollecində dekorativ-tətbiqi xalq sənətkarlığı ixtisası üzrə təhsil alıb. O, 2015-ci ildən Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən “Sənətkarlar evi”ndə oymaçı rəssam kimi fəaliyyət göstərir.
AZƏRTAC-ın bölgə müxbiri rəssamın emalatxanasında olub, yaradıcılığı ilə maraqlanıb.
Gənc sənətkar bildirib ki, əsasən ağac üzərində oyma, kətan üzərində yağlı boya ilə rəsmlər çəkmək, daş üzərində rəsmlər, xırda ölçülü suvenirlər hazırlamaqla məşğul olur. Mövzu seçərkən Şəkinin qədim tarixi abidələrinə, təbiət mənzərələrinə, Xan Sarayının divar rəsmlərinə üstünlük verir. Belə mövzular turistlərin daha çox diqqətini cəlb edir.
O deyib: “Şəki ölkəmizin turizm mərkəzlərindən biridir. İlin bütün fəsillərində bura çoxlu sayda yerli və xarici turist gəlir. Xarici turistlər təbii materiallardan – daş, qum, taxtadan hazırladığım kiçikölçülü suvenirlərə böyük maraq göstərirlər. Onlar öz portretlərinin taxta, kətan, kağız üzərində çəkilməsini xoşlayırlar. Belə sifarişləri qısa müddətdə hazırlamağı bacarıram. Şaftalı, gavalı, ərik tumlarından və taxta çöplərindən hazırladığım hörümçək suvenirləri də turistlərin böyük marağına səbəb olur və onlar bu suvenirləri həvəslə alırlar. Əl işlərimin qiyməti işin ölçüsündən və ona sərf etdiyim vaxtdan asılıdır. Xırda suvenirlərin qiyməti 5 manatdan 30-40 manat arasında dəyişir. Böyük ölçülü işlərin qiyməti isə 300 manatadəkdir”.
Qeyd edək ki, gənc sənətkar bir neçə il əvvəl “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə də qoşulub, “ABAD” ailəsinin üzvü olub. “ABAD”la əməkdaşlıq onun bir sənətkar kimi tanınmasına, əl işlərinin reklam olunmasına yaxşı təsir göstərib. Elxan dəfələrlə Şəkidə, eləcə də bölgənin rayonlarında keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlərdə, festivallarda, sərgi və müsabiqələrdə iştirak edib, onun əl işləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Gənc sənətkarın ən böyük uğurlarından biri 2022-ci ildə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) startap proqramında iştirak edərək mükafatçılar sırasına düşməsi olub. Elxanın müsabiqəyə təqdim etdiyi “Səyyar sənətkarlıq emalatxanası” layihəsi münsiflər heyəti tərəfindən üçüncü yerə layiq görülüb və sənətkara biznesini inkişaf etdirmək məqsədi ilə 2500 manat mükafat təqdim olunub.
Layihə barədə danışan Elxan Kərimov deyib ki, bu ideyanı reallaşdırmaq onun çoxdankı arzusu idi. “Layihəni respublikada ilk olaraq mən həyata keçirdim. Bu layihə nədən ibarət idi? Mən moped aldım və onun arxasına içərisində rəssam emalatxanası olan qoşqu birləşdirdim. Qoşqulu mopedlə turizm obyektlərinə, otellərə gedir, turistlərə əl işlərimi təklif edirdim. Turistlərə ustad dərslər keçir, istəklərinə uyğun olaraq xırda suvenirlər hazırlayır, satışını həyata keçirirdim. Düzdür, maliyyə çətinliyi səbəbindən layihəmi tam reallaşdıra bilmədim, işim yarımçıq qaldı. Vəsait əldə etsəm, ideyamı mütləq tam reallaşdırmağa çalışacağam”, - deyə Elxan Kərimov vurğulayıb.

Regionlar 2023-01-30 17:28:00