×
A
A
A
Sazlamalar

Azərbaycan Avropanın böyük bir coğrafiyasında özünün dostlar klubunu yaratmağı bacarıb

Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri olduqca əhəmiyyətlidir. Ötən ilin dekabrında ölkəmizin başçısının Şərqi Avropa ölkələrindən Albaniya və Serbiyaya səfərləri baş tutmuşdu. Eyni zamanda, dekabrda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında yaşıl enerji, elektrik enerjisinin Avropaya nəqli ilə bağlı görüş olmuşdu. Bütün bunlar onu göstərir ki, Azərbaycan bu gün Şərqi və Mərkəzi Avropada, eyni zamanda, balkanlarda çox böyük nüfuza malikdir. Enerji, nəqliyyat kommunikasiya layihələri yaxın vaxtda bütün tərəfləri birləşdirən əsas önəmli məqamlardan olacaqdır. Unutmaq olmaz ki, Macarıstan Avropa İttifaqında öz prinsipiallığı ilə seçilən, siyasi status daşıyan bir dövlətdir. Onun Rusiya-Ukrayna müharibəsində nümayiş etdirdiyi mövqe, ayrı-ayrı vaxtlarda ümumavropa prinsipləri, həmçinin dövlətin suverenliyi və müstəqilliyi üçün atdığı addımlar bu ölkənin davamlı siyasətin tərəfdarı olduğunu bir daha göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov söyləyib.
Onun sözlərinə görə, Macarıstan yeganə Avropa ölkəsidir ki, 2018-ci ildən etibarən Türkdilli Dövlətlər Təşkilatında müşahidəçi qismində çıxış edir və bu təşkilatla münasibətlərinin daha da inkişafında maraqlıdır. Sözsüz ki, burada Azərbaycanın xüsusi rolu var.
“Son illərdə Macarıstan və Azərbaycan münasibətlərinin artıq strateji müttəfiqliyə çatdığını da qeyd edə bilərik. Elə Azərbaycan və Macarıstan liderlərinin budəfəki səfər çərçivəsində imzalayacağı sənədlər də bunu deməyə əsas verir. Həmçinin iqtisadi məsələlərdə də Azərbaycan və Macarıstan arasında çox böyük maraqlar var. Onu demək yetərlidir ki, Macarıstanın Azərbaycana investisiyası bir milyard dolları keçib. Bu, olduqca böyük məbləğdir. İkitərəfli ticarət dövriyyəsi də ildən-ilə artmaqdadır. Hazırda Avropa və Macarıstanın enerji təhlükəsizliyi ilə bağlı prinsipial qərarlar qəbul edildiyi vaxtda Macarıstan ötən il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulmaq marağında olduğunu qeyd etmişdi. Yəqin ki, bu səfər çərçivəsində bununla bağlı artıq detallı və konkret müzakirələr aparılacaq. Azərbaycanın təbii qazının alıcılarının coğrafiyası genişlənməkdədir. Bu gün həmin ölkələrin sayı artıq ona yaxınlaşıb. Bu da olduqca böyük rəqəmdir”, - deyə politoloq qeyd edib.
Zaur Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Macarıstan münasibətlərinin inkişafı çox vacibdir. Tarixi identiklikdən tutmuş, geosiyasi və geoiqtisadi maraqlara qədər bütün aspektlər həmrəy olmağımızı ehtiva edir. Əlbəttə ki, bu ölkə ilə münasibətlərin inkişafı Avropanın müxtəlif strukturlarında Macarıstanın Azərbaycanı dəstəkləməsi və dövlətimizin qarşısında dayanan çağırışlar fövqündə obyektivliyin yanında olmasına gətirib çıxarda bilər. Heç də təsadüfü deyil ki, 44 günlük Vətən müharibəsindən sonra Macarıstan Şərqi Zəngəzur və Qarabağda investisiyalarla bağlı müxtəlif layihələr təqdim edib. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi üçün 25 min avro ianə edərək öz jestini göstərib.
Onun sözlərinə görə, bugünkü görüş, Azərbaycan və Macarıstanın ayrı-ayrı qurumları arasında imzalanacaq memorandumlar, sazişlər və müzakirələr yaxın aylarda müxtəlif məsələlərdə irəliləyişlər əldə edilməsinə gətirib çıxaracaq. Bütün bunlar onu deməyə əsas verir ki, rəsmi Bakının apardığı siyasət nəticəsində Azərbaycan Avropanın böyük bir coğrafiyasında öz dostlar klubunu yaratmağı bacarıb. Elə bu dostlar klubu BMT Təhlükəsizlik Şurasında, Avropa Parlamentində, Avropa İttifaqının Nazirlər Şurasında və digər qurumların iclaslarında bu və ya digər şəkildə artıq Azərbaycana öz dəstəklərini ifadə etməyə başlayıblar. Əlbəttə ki, Azərbaycanın dostlarının sayı daha da çoxalacaq. Bütün bunların əsasında praqmatik rasional xarici siyasət fəlsəfəsi dayanır.

Siyasət 2023-01-30 16:31:00