×
A
A
A
Sazlamalar

Fevral-mart aylarında taxılçılıqda hansı işlər görülməlidir? - Fermerlərə tövsiyə

Bakı, 30 yanvar, AZƏRTAC
Respublikanın Mərkəzi Aran və Şirvan-Salyan, Dağlıq Şirvan, Qazax-Tovuz iqtisadi rayonlarında havaların son vaxtlar qeyri-sabit keçməsi, havanın temperaturunun artması nəticəsində taxıllarda vaxtından əvvəl kollanma müşahidə olunur. Aparılan müşahidələr göstərir ki, hazırda taxıl sahələrində aktiv kollanma fazasının başlanğıcıdır.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Mütəxəssislər taxılçılıqla məşğul olan fermerlərə tövsiyə edirlər ki, taxıl əkini sahələrində bitkilərdə aktiv kollanma getdiyi zaman torpaq analizlərinin nəticələrinə uyğun olaraq hektara 100-150 kq fiziki çəkidə (NH4NO3) ammonium şorası səpilməli və dərhal vegetasiya suvarması aparılmalıdır.
Ammonium şorası (NH4NO3) olmadığı təqdirdə, 10 kq karbamid (CO(NH2)2) gübrəsini suda həll edib və 100 qr mis kuporosu (CuSO4x5H2O) 250-300 litr suya əlavə edərək həm də pas və digər xəstəliklərin qarşısını almaq məqsədilə çiləmə aparmaq lazımdır.
Taxıl əkini sahələrində alaq otları (turpəng, tonqal otu, yabanı vələmir, gülül, qanqal və s.) müşahidə olunan zaman onlara qarşı mübarizə tədbiri olaraq herbsidlərdən istifadə etmək tövsiyə olunur. Mübarizə tədbiri aparan zaman bitkiləri herbisidin stress təsirindən qorumaq məqsədi ilə istifadə olunan herbsidin işçi məhluluna (250 litr) 15 kq (NH4NO3) ammonium şorası və yaxud 8-10 kq (CO(NH2)2) karbamid gübrəsi öncədən suda həll edilərək əlavə olunmaqla çilənməsi məqsədəmüvafiqdir.
“Zərərverici və xəstəlikləri vaxtında müəyyən etmək məqsədilə bitki mühafizə əməkdaşları fermerlərlə birgə intensiv fitosanitar müşahidələr aparmalı, hansı ərazilərdə sirayətlənmə müşahidə olunarsa, dərhal həmin ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir”, - deyə nazirlikdən bildirilib.

Kənd təsərrüfatı 2023-01-30 16:25:00