×
A
A
A
Sazlamalar

Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır - Ekspert rəyi

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün ən önəmli strateji tərəfdaşlardan biridir.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
İki xalq arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu diqqətə çatdıran E.Mirzəbəyli bildirib ki, hələ XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Macar xalqının əhəmiyyətli hissəsinin özünü türk mədəni arealının ayrılmaz bir parçası hesab etməsi, qarşılıqlı əlaqələrin ən müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini verib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Macarıstanın ölkəmizin dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olması da təsadüfi deyil və iki xalq arasındakı dərin tarixi bağlara söykənir.
Siyasi ekspert bildirib ki, Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Macarıstanın bütün beynəlxalq platformalarda ölkəmizin ərazi bütövlüyünə dəstək verməsi, rəsmi Budapeştin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında önəmli rol oynaması iki dövlət arasındakı qarşılıqlı etimad münasibətlərinin göstəricisi kimi dəyərləndirilməlidir. Onun sözlərinə görə, Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv kimi təmsil olunması və təşkilata həqiqi üzv olmaq niyyətini bəyan etməsi sözügedən ölkənin həm də Azərbaycanla sıx əməkdaşlığından və bu əməkdaşlığın daha geniş platformalarda davam etdirilməsinin zəruriliyindən qaynaqlanan bir amil kimi də qiymətləndirilə bilər.
“Məlum olduğu kimi Macarıstan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rəsmi Budapeşt ilk günlərdən Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləməklə yanaşı, bu layihəyə qoşulmaqda maraqlı olduğunu da ifadə edib. CQD-nin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətini və təbii ki, Azərbaycanla enerji sahəsində olan əməkdaşlığı inkişaf etdirməkdə nə dərəcədə maraqlı olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyevin Macarıstana səfəri, iki dövlət arasında olan əlaqələrin genişləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni bir mərhələnin başlanğıcı olacaq”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

 

Siyasət 2023-01-30 16:02:00