×
A
A
A
Sazlamalar

Gəncədə Xalq artisti Fikrət Verdiyevin xatirəsi anılıb

Gəncə, 30 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Gəncədə peşəkar tarzən, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Fikrət Verdiyevin xatirəsinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə mərhum sənətkarın xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Xalq artisti Fikrət Verdiyev Azərbaycan musiqisi və mədəniyyətinin inkişafı üçün böyük işlər görüb. Onun ən böyük mirasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı olduğu vurğulanıb. Niyazi Bayramov Ulu Öndər Heydər Əliyevin Xalq artistinə daim xüsusi diqqət göstərdiyini, onun fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Çıxış edən qonaqlar mərhum sənətkarla bağlı xoş xatirələrindən, onun həyat və yaradıcılığından söz açıblar. Diqqətə çatdırılıb ki, Fikrət Verdiyev Azərbaycan incəsənətinə, xüsusilə Gəncə şəhərinin mədəniyyətinə əvəzsiz töhfələr verib. O, hər zaman istedadlı gənclərə önəm verən, onlara yol açan və dəstək göstərən sənətkarlardan olub.
Tədbirdə Fikrət Verdiyevin yaratdığı və uzun illər rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı tərəfindən Xalq artistinin xatirəsinə həsr olunan əsərlər ifa edilib.
Sonda Xan Şuşinski Fondunun rəhbəri, mərhum sənətkarın ömür-gün yoldaşı Bəyimxanım Verdiyeva çıxış edərək, Xalq artisti Fikrət Verdiyevin sənətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib və Fikrət Verdiyev sənətinin daim qəlblərdə yaşayacağını deyib.
Xatırladaq ki, Fikrət Süleyman oğlu Verdiyev 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 2014-cü il fevralın 13-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülüb. 2022-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə mükafatlandırılıb. Görkəmli tarzən ötən il dekabrın 22-də əbədiyyətə qovuşub.

 

Regionlar 2023-01-30 15:55:00