×
A
A
A
Sazlamalar

Politoloq: Azərbaycan səfirliyinə edilən hücum İran dövlətinin terrorçu mahiyyətindən irəli gəlir

Bakı, 30 yanvar, AZƏRTAC

Bildiyimiz kimi, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu həyata keçirilib. Çox təəssüf ki, Azərbaycana, apardığımız haqq mübarizəsinə qarşı kifayət qədər qüvvələr mövcuddur. Onlar açıq müstəvidə ölkəmizlə mübarizə apara bilməyəcəyini qəbul edərək qeyri-qanuni yollara əl atırlar. Azərbaycanın regiondakı qətiyyətli siyasi iradəsi həmin qüvvələrin Cənubi Qafqaz maraqlarına heç də uyğun deyil. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Ermənistanla uzunmüddətli düşmənçilik aparacağını düşünən bir çox dövlətlər Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə öz planlarını reallaşdıracaqlarını düşünürdülər. Amma müharibə bitdikdən qısa müddət sonra Azərbaycan dövlətinin işğalçıya, xalqımıza qarşı terror, soyqırımlar təşkil etmiş bir dövlətə sülh təklif etməsi həmin güclər tərəfindən təəssüflə qarşılandı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Anar Əliyev deyib.
O bildirib ki, Azərbaycanın sülhpərvər davranışları onların planlarına növbəti dəfə ciddi zərbələr vurdu. Azərbaycanla sivil qaydada beynəlxalq hüququn prinsipləri, demokratiya tələbləri çərçivəsində mübarizə apara bilməyəcəklərini dərk edən həmin qüvvələr müxtəlif qeyri-qanuni davranışlarla ölkəmizin bu yolda qarşısını almağa çalışırlar. Təbii ki, hədə-qorxular, təzyiqlər və şantaj yolu ilə ölkəmizi öz yolundan döndərə bilməyəcəklərini dərk etdikləri üçün artıq açıq şəkildə Azərbaycanı terrorla hədələməyə başlayıblar. Ötən ilin noyabrında İranın bəzi siyasi xüsusi xidmət orqanlarına bağlı siyasi təhlilçiləri tərəfindən Azərbaycanın terrorla hədələnməsi kimi mesajların verilməsi təsadüfi deyildi. Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu da məhz həmin çağırışların davamıdır.
“1985-ci ildən başlayaraq bir çox beynəlxalq hesabatlarda İran məhz terrorizmi dəstəkləyən, terrorçu dövlət kimi qeyd edilib. Bir çox ölkələrdə törədilən terrorlarda İranın xüsusi xidmət orqanlarının iştirakı təkzib edilməz sübutlarla öz təsdiqini tapıb. Eyni zamanda, İranın müxtəlif bölgədə terrorçu qruplar formalaşdırmaq və onların maliyyələşdirilməsini həyata keçirməsi artıq sübut olunub. Bütün bunlar onu göstərir ki, İran özü terrorçu dövlətdir. İran terrorizmi maliyyələşdirən, dəstəkləyən, özünü müdafiə alətinə, vasitəsinə çevirən bir dövlətdir. Azərbaycan səfirliyinə edilən hücum da İran dövlətinin terrorçu mahiyyətindən irəli gəlir”, - deyə A.Əliyev qeyd edib.

 

 

Siyasət 2023-01-30 15:40:00