×
A
A
A
Sazlamalar

Xanlar müəllim: İnanıram ki, o yerlərə qayıdacağıq

Sumqayıt, 30 yanvar, Firuz Novruzov, AZƏRTAC

İnanıram ki, o yerlərə qayıdacağıq, 35 ildir zorən ayrıldığımız, ruhumuza hopmuş yerlərə, Çıldırın yeraltı sulu layları ilə qidalanan Arpagölünün təkrarsız gözəlliyinə qovuşa biləcəyik.
AZƏRTAC xəbər verir ki, 1988-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonundan qaçqın düşən, Xırdalan şəhərində məskunlaşan təqaüddə olan müəllim Xanlar Əsgərov müsahibəsinə bu sözlərlə başlayıb.
Həmsöhbətimiz o yerləri qarış-qarış gəzdiyini, maddi-mənəvi abidələrimizi daşına qədər tanıdığını deyir, bu abidələr barədə məlumat verir. Elliklə ziyarət olunan, nəzirlər verilən, qurbanlar kəsilən "Öysüz piri", "Şişin ocağı", "Məhbub ocağı", “Seyid Məhəmməd ocağı" və digər müqəddəs məkanların adlarını çəkən qaçqın müəllim doğma yerlərində Alban izlərinin də qaldığını yada salır: “Yeniyol kəndinin yaxınlığında "Kilsə yeri" adlanan yerdə ermənilərin dağıtdığı Alban kilsəsi var idi. Dağıdılsa da, tikilinin qara daş divarları 4-5 metr hündürlükdə, iki qalın ağac dirək üzərində qalırdı”.
Həmsöhbətimiz 1937-1938-ci illərdə Gümrü şəhərinin girişində, Arpaçay çayının sol sahilindən 200 metr aralıda "Ocaqqulu yeri"ndə hündürlüyü 30 metrə çatan "Qara qala"nın tikintisində Alban məbədinin sökülmüş daşlarının hörüldüyünü deyir. Göydağ ətrafındakı "Soyuqbulaq", "Şalxamgözə bulağı", “Taxtalı bulaq", "Daşlı bulaq", "Südlü bulaq", "Cinli bulaq" və yüzlərlə digər toponimlərin buraların əsl yiyələrinin pasportu olduğunu deyən Xanlar müəllim hansı şəraitdə deportasiya olunduğunu xatırlayır: “Həmin vaxta qədər yerli azərbaycanlılara qarşı aqressiv münasibəti gizlətməyən erməni millətçiləri 1988-ci ildən fiziki təzyiq metoduna keçdilər. Ayrı-ayrı vaxtlarda soydaşlarımızın öldürülməsi xəbərlərini eşidirdik. Güllübulaqdan Qara Səməd, Qaraçantadan Babək Haqverdiyev və digərlərinin öldürülməsi insanlara müdafiəsiz qaldıqlarını anlatdı”.
Ancaq 2022-ci il dekabr ayının 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki proqram nitqi ona digər həmyerliləri kimi, Vətənə qayıtmaq ümidi verir. Xanlar müəllim bu arzusunun gerçəkləşəcəyinə inanır.

Regionlar 2023-01-30 14:56:00