×
A
A
A
Sazlamalar

Səhiyyə sahəsində beynəlxalq səviyyəli fövqəladə vəziyyət - 3 il

Bakı, 30 yanvar, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Komitəsi 2020-ci il yanvarın 30-da yeni koronavirusun yayılmasını səhiyyə sahəsində beynəlxalq səviyyəli fövqəladə vəziyyət kimi dəyərləndirib. ÜST fevralın 11-də bu virusu COVID-19 adlandırıb, martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib. Azərbaycanda koronavirusa ilk yoluxma halı həmin il fevralın 28-də qeydə alınıb. Ölkəmizdə bu günə kimi 827 min 903 nəfər koronavirusa yoluxub, 10 min 81 nəfər həyatını itirib. Dünyada isə bu müddət ərzində koronavirusa 675 milyona yaxın yoluxma, 7 milyona yaxın ölüm faktı qeydə alınıb. AZƏRTAC ötən 3 ildə Azərbaycanda koronavirusla mübarizədə görülən işlərə və əldə olunan nəticələrə nəzər salıb.

Azərbaycanda COVID-19-a qarşı görülmüş tədbirlər

COVID-19 infeksiyasının yayılmasına qarşı ölkəmizdə qəbul edilən qərarların, tətbiq olunan məhdudiyyət tədbirlərinin təhlili göstərir ki, bu sahədə çevik reaksiya və vaxtında atılan operativ addımlar ölkədə epidemioloji vəziyyətin nəzarət altında saxlanmasına səbəb oldu. Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirildi.

Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün 2020-ci il fevralın 27-də Nazirlər Kabineti yanında 24 saat fəaliyyət göstərən Operativ Qərargah yaradılıb. Həmin vaxt virusun yayılmasının geniş vüsət aldığı İran, Gürcüstan, Türkiyə və Rusiya ilə sərhədlər bağlanıb, məktəbləri və sərhədləri bağlayan ilk ölkələrdən biri olub. Bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti, şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılıb. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib və hazırda da - martın 1-i saat 06:00-dək qüvvədədir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldu, tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr istehsal edən müəssisələr yaradıldı. Pandemiya ilə mübarizə işinin təşkilində peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı mümkün dərəcədə alınıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində, ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri mərhələli şəkildə həyata keçirilib.

Səhiyyə infrastrukturunun möhkəmləndirilməsi

Çox əhəmiyyətli məsələlərdən biri yoluxmuş şəxslərin və onların yaxın təmaslarının vaxtında, qısa müddət ərzində aşkarı və izolə edilməsi idi. Həmin dövrdə test sistemləri, xüsusi çihazlarla təmin olunmuş laboratoriyalar və bu müayinələri yerinə yetirə biləcək həkim kadrları çatışmırdı. Gün ərzində ölkədə cəmi 1000 belə müayinə aparmaq mümkün idi. Lakin qısa müddət ərzində bu istiqamətdə görülən tədbirlər nəticəsində bu müayinələrin sayı 23 mini aşdı.
Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov AZƏRTAC-a müsahibəsində deyib ki, həmin dövrdə görülmüş işlərdən danışaraq deyib: “Ölkəmizdə vaxtında görülmüş işlər qısa müddət ərzində koronaviruslu xəstələr üçün çarpayı fondunu 10 mindən çox sayda təşkil etməyə və yoluxma hallarının sayında baş verə biləcək sıçrayışlı artım dövründə bütün xəstələri keyfiyyətli, o cümədən stasionar xidmətlə təmin etmək mümkün oldu. Belə ki, artıq həmin ilin may-iyun aylarından başlayaraq sonrakı dövrlərdə yeni yoluxanların sayı rekord həddə çatdı və gün ərzində bir neçə min vətəndaş xəstələnərək tibb müəssisələrinə müraciət edirdi. Lakin səhiyyə müəssisələri izafi yüklənsə də heç bir xəstə tibbi xidmətdən kənarda qalmadı. Xəstəlik xüsusilə risk qrupları arasında ağır gedişlə təzahür edir, çoxsaylı ölüm hallarına səbəb olurdu. Buna görə də reanimasion xidməti gücləndirmək, bu şöbələrin xəstə tutumunu artırmaq və ən vacibi dünyada çox böyük ehtiyac yaranmış və çətin əldə oluna bilən süni tənəffüs aparatlarının ölkəyə gətirilməsi problemi məhz ölkə rəhbərliyinin səyləri nəticəsində həll olundu. Bunların nəticəsidir ki, Azərbaycanda yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox olmadı və ən əsası isə ölüm hallarının səviyyəsi kiçik rəqəmlərdə qaldı”.
Görülmüş profilaktik işlərdən danışan TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova AZƏRTAC-a deyib: “qısa müddətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində PZR müayinələrini həyata keçirən, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar quruldu, personal təlimlərə cəlb olundu. Hazırda TƏBİB tabeliyində olan tibb müəssisələrində (Bakı şəhərində 5 və regionlarda 10 olmaqla) 15 PZR laboratoriyası fəaliyyət göstərir. Bütün respublika ərazisində testlərin götürülməsi və laboratoriyalara daşınılması təmin olunur. Qısa zamanda səhiyyə sisteminin effektiv fəaliyyətini təmin edən işlər görüldü, modul tipli xəstəxanalar quruldu. Onların qurulması 2000-ə yaxın çarpayı fondunun artmasına səbəb oldu. Tibbi avadanlıqların alınması (süni tənəffüs cihazları, EKMO və s.) dərmanlar, tibbi ləvazimatlar, fərdi qoruyucu vasitələr və dezinfeksiyaedici vasitələrin təminatı həyata keçirildi”.
Ölkədə 46 xəstəxana koronavirus xəstələrinə xidmət göstərmək üçün ayrıldı, 575 çarpayılıq “Yeni Klinika”, Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin 2200 çarpayılıq Modul Tipli Hospitalı fəaliyyətə başladı. Ən müasir standartlara uyğun texniki vasitə və avadanlıqlarla təchiz olunmuş Modul Tipli hospitallarda infeksiya, habelə onun törətdiyi fəsadlarla gecə-gündüz mübarizə aparan yüksəkixtisaslı peşəkar heyət müxtəlif təlimlər vasitəsilə formalaşdırıldı. Bu tədbirlər virusun daha böyük miqyasda yayılmasının qarşısını almağa, yoluxanların müalicəsi üçün imkanların genişləndiriılməsinə şərait yaratdı.
Ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələrin fasiləsiz gətirilməsi təmin olundu. 2020-ci ilin fevral–aprel aylarında tətbiq olunan karantin tədbirləri nəticəsində yoluxma sürətinin azalmasına nail olundu və bu qazanılmış vaxt məhz profilli və digər modul tipli xəstəxanaların təşkilinə, müasir avadanlıqlarla və tibbi ləvazımatlarla təchiz olunmasına, tibb heyətinin bu istiqamətdə hazırlanmasına səmərəli surətdə sərf olundu. Bu dövrdə hətta inkişaf etmiş ölkələrdə belə çarpayı çatışmazlığı böyük problem idi. Hətta bəzi hallarda xəstələri yerləşdirmək mümkün olmurdu.
“Ölkəmizdə vaxtında görülmüş işlər qısa müddət ərzində koronaviruslu xəstələr üçün çarpayı fondunu 10 mindən çox sayda təşkil etməyə və yoluxma hallarının sayında baş verə biləcək sıçrayışlı artım dövründə bütün xəstələri keyfiyyətli, o cümədən stasionar xidmətlə təmin etmək mümkün oldu. Artıq həmin ilin may-iyun aylarından başlayaraq sonrakı dövrlərdə yeni yoluxanların sayı rekord həddə çatdı və gün ərzində bir neçə min vətəndaş xəstələnərək tibb müəssisələrinə müraciət edirdi. Lakin səhiyyə müəssisələri izafi yüklənsə də heç bir xəstə tibbi xidmətdən kənarda qalmadı. Xəstəlik xüsusilə risk qrupları arasında ağır gedişlə təzahür edir, çoxsaylı ölüm hallarına səbəb olurdu. Buna görə də reanimasion xidməti gücləndirmək, bu şöbələrin xəstə tutumunu artırmaq və ən vacibi dünyada çox böyük ehtiyac yaranmış və çətin əldə oluna bilən süni tənəffüs aparatlarının ölkəyə gətirilməsi problemi məhz ölkə rəhbərliyinin səyləri nəticəsində həll olundu. Bunların nəticəsidir ki, Azərbaycanda yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox olmadı və ən əsası isə ölüm hallarının səviyyəsi kiçik rəqəmlərdə qaldı”, deyə Təyyar Eyvazov bildirib.

Vaksinasiya infeksiya ilə mübarizədə dönüş nöqtəsi oldu

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən əhalinin mərhələli şəkildə peyvəndlənməsinə başlanıldı və bu proses bu gün də davam edir. Yanvarın 30-na olan statistikaya görə ölkədə koronavirusa qarşı 13 milyon 942 min 131 peyvənd vurulub.

Ekspert-mütəxəssis Təyyar Eyvazov hesab edir ki, COVID-19-a qarşı aparılan vaksinasiya bu infeksiya ilə mübarizədə dönüş nöqtəsi olub: “Xüsusən vurğulamaq lazımdır ki, həmin vaxt dünyada yaşanan peyvənd qıtlığına baxmayaraq ölkəmizdə məhz bu peyvəndləri istehsal edən ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə start verildi. Əhali nəinki keyfiyyətli peyvəndlərlə təmin olundu, hətta ilk dövrlərdə 4 növ müxtəlif peyvənd əldə edilərək tibb müəssisələrinə paylandı və insanlara seçim etmək imkanı yaradıldı. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görüldü. Vaksinasiya prosesinin təbliği, təşkili və geniş əhali kütləsinin əhatə olunması infeksiyaya qarşı həssaslığı azaltdı və sonrakı dövrlərdə bu yoluxma hallarının sayının və ən əsası ağır gedişlı formaların daha az rast gəlməsi, xəstəxanalara yatışların azalması və ölüm hallarının səviyyəsinin azalmasına səbəb oldu.
Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilib, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilib. Pandemiya ilə mübarizədə qazanılmış təcrübə əldə edilmiş nailiyyətlərin davamlı olacağını göstərir və bu gün hələ də müxtəlif mutasiya olunmuş virus ştamlarının dövriyyəyə daxil olmasına baxmayaraq ölkəmiz bütün çağırışlara hazırdır və infeksiya üzərində qələbə çalacağımız gün uzaqda deyil”.

Pandemiya ilə mübarizədə qlobal səylərə dəstək

Azərbaycan koronavirusla mübarizə sahəsində öz vətəndaşlarına göstərdiyi qayğı ilə yanaşı qlobal səylərə də dəstək göstərdi, regional əməkdaşlıqdan əlavə, beynəlxalq həmrəyliyin əldə olunması ilə bağlı təşəbbüslərə də töhfə verdi. Pandemiya ilə əlaqədar indiyə qədər Azərbaycan 80-dən çox ölkəyə tibbi, maliyyə və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Onun 5 milyonu pandemiya ilə bağlı tədbirlərə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardıma yönəldilib.

Azərbaycan beynəlxalq təşəbbüsləri dəstəkləyib və bir çox hallarda həmin təşəbbüslərin müəllifi olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü keçirilib. Bu, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş ilk Zirvə görüşü idi. BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında Qoşulmama Hərəkatının sədri kimi çıxış edən Prezident İlham Əliyev bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.
Qoşulmama Hərəkatının Təmas Qrupu formatında koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü də Azərbaycanın təşəbbüsü ilə baş tutub. Avropa İttifaqı ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Azərbaycan liderlik göstərərək bu məsuliyyətli məsələ ətrafında bütün dünyanı birləşdirib.

Azərbaycanda COVID-19-a yoluxma minimal həddədir

Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyəti dəyərləndirən və pandemiya başlayan dövrə nəzər salan Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib: “Hazırda Azərbaycanda epidemioloji durum qənaətbəxşdir, nəzarət olunandır, yeni yoluxma hallarının sayı minimaldır və iki rəqəmli həddədir, eyni zamanda, qeydiyyatda olan aktiv xəstə sayı çox azdır və çarpayı yüklənməsi qeyd olunmur. Bu cür stabil vəziyyət artıq bir neçə aydır ki, davam edir və xüsusən də payız-qış mövsümündə pisləşmənin olmaması nikbinlik yaradır və tezliklə pandemiyanın sonlanacağı anlamına gəlməyə imkan verir”.

İnfeksionist, həmçinin bildirib ki, ÜST-nin məlumatına görə artıq dünya əhalisinin təxminən 90 faizi xəstəliyi keçirərək və ya peyvənd olunmaqla bu infeksiyaya qarşı immuniteti əldə edib. İnfeksiyanın sonrakı dövrlərdə yayılması virusun mutasiyası nəticəsində yoluxma sürəti daha yüksək olan yeni alt növlərin yaranmasından asılı olacaq.
TƏBİB-in departament rəhbəri Zamirə Ədilovanın sözlərinə görə, 2022-ci ilin son həftələrində yoluxma hallarında 50 faiz azalma müşahidə edilib. 2021-ci ildə gündəlik ortalama yoluxma 1.091, 2022-ci ildə 607 olduğu halda, noyabr ayı ərzində bu göstərici 35 olub. 2022-ci il üzrə müsbət nəticələrin ümumi testlərdə payı (yoluxma əmsalı) ortalama 7 faiz, son iki ay üzrə ortalama isə 2.2 faiz təşkil edib. “Hospitalizasiya əmsalı 2021-ci ildə 11,7 faiz , 2022-ci il üzrə isə 3 dəfə azalaraq 3,7 faiz təşkil edib. Qeyd edilmiş statistik məlumatlara əsasən ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir”.
Pandemiya ilə mübarizədə qazanılmış təcrübə əldə edilmiş nailiyyətlərin davamlı olacağını göstərir və bu gün hələ də müxtəlif mutasiya olunmuş virus ştamlarının dövriyyəyə daxil olmasına baxmayaraq ölkəmiz bütün çağırışlara hazırdır və infeksiya üzərində qələbə çalacağımız gün uzaqda deyil.

 

Səhiyyə 2023-01-30 10:34:00