×
A
A
A
Sazlamalar

Mingəçevir Dövlət Universitetində imtahan sessiyası davam edir

Bakı, 29 yanvar, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin yanvarın 5-də başlayan imtahan sessiyası uğurla davam edir. MDU-da bütün imtahanlar əyani formada şifahi şəkildə təşkil olunub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, yanvarın 23-dən 28-dək davam edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində 178 qrup üzrə 3341 tələbə ümumilikdə 258 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,9 faiz olub. Tələbələr tərəfindən Apellyasiya Komissiyasına müraciət daxil olmayıb.
Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 31 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 99,1 faiz olub.
Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, təşkil olunan sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apellyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Əməkdaşlardan ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftə keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılır.
Universitetdə payız semestrinin imtahan sessiyası fevralın 1-dək davam edəcək.

 

Regionlar 2023-01-29 19:18:00