×
A
A
A
Sazlamalar

Böyük məşqçi: Yay Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunmağa çalışacağıq

Taekvondo üzrə Azərbaycan yığmasının qatılacağı beynəlxalq yarışlar müəyyənləşib

Bakı, 29 yanvar, AZƏRTAC

Taekvondo üzrə Azərbaycan yığma komandası yanvarın 5-dən etibarən təlim-məşq toplanışındadır. Fevralın 2-dək davam edəcək toplanışa 17 idmançı dəvət etmişik. Onlardan səkkizi sonuncu ölkə çempionlarıdır. Həmin taekvondoçuların döyüşlərini ötən ilin dekabrında Azərbaycan çempionatında izləmişdik və uğurlu çıxışlarına görə yığmaya dəvət etmişik. Bu il onlardan yeni nailiyyətlər gözləyirik. İlboyu gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Sonra isə “Paris-2024” Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik.
Fevralın 3-də yığma komandamız Türkiyədəki yarışlara qatılmaq üçün qardaş ölkəyə yola düşəcək. Biz burada fevralın 4-9-da keçiriləcək “Prezident kuboku”, ayın 10-14-də isə "Turkish open" turnirlərində iştirak edəcəyik.
Bunu AZƏRTAC-a taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi Elnur Amanov Bakıda keçiriləcək dünya çempionatına və 2024-cü ildə baş tutacaq Paris Yay Olimpiya Oyunlarına yığmamızın hazırlığı ilə bağlı danışarkən deyib.
Qeyd edib ki, yığmanın baş məşqçisi Reza Mehmandoust ilə ölkə çempionatında seçdiyimiz idmançıları sınamağa qərara almışıq. Bundan sonra da bir neçə turnirdə, o cümlədən Qran-Pri yarışlarında iştirak etməyi planlaşdırırıq. Çoxsaylı turnirlərə qatılmağımızın məqsədi idmançılarımızın reytinqini yüksəltmək və onların Olimpiadada iştirakını təmin etməkdir. Biz reytinq xalları ilə də Olimpiadaya lisenziya əldə etməyi planlaşdırırıq. Çalışacağıq ki, yüksək xal verən yarışlarda daha çox iştirak edək, idmançılarımızı formada saxlayaq və Olimpiya Oyunlarında daha çox idmançı ilə təmsil olunaq. Dünya çempionatına qatılacaq yığmanın heyətini həmin turnirlərə cəlb olunan idmançılar arasından formalaşdıracağıq.
Azərbaycan mayda mötəbər yarışa - taekvondo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Bu idman növündə dünya çempionatları iki ildən bir keçirilir. Bu il komandamızın məqsədi dünya çempionatına həm kişilər, həm də qadınlar olmaqla daha çox idmançı ilə qatılmaqdır. O vaxta qədər beş turnirdə iştirak etməyi nəzərdə tuturuq. Həm dünya çempionatının Bakıda keçirilməsi, həm də bu il Dünya Taekvondo Federasiyasının 50 illiyinin qeyd olunacağı üçün məqsədimiz odur ki, ev sahibi ölkə kimi bu idman növündə sözümüzü deməkdir. Ümumiyyətlə, Azərbaycan millisinin dünya çempionatı üçün heyəti müəyyəşdirmək üçün beynəlxalq turnirlər mühüm əhəmiyyət kəsb edir. Federasiya rəhbərliyi tərəfindən yığmanın üzərinə doğma divarlar arasında yüksək nəticələr qazanmaq vəzifələri qoyulub. Odur ki, paytaxtımızda yaxşı nəticələr əldə etmək, xalqımızı sevindirmək, üçrəngli bayrağımızı yüksəltmək üçün əlimizdən gələni edəcəyik.
Bu il taekvondo üzrə böyüklərdən ibarət millimizin iştirak etməsi nəzərdə tutulan əsas yarışlara toxunan məşqçi qeyd edib ki, yığmamız mayın 29-dan iyunun 4-dək paytaxtımızda keçiriləcək dünya çempionatında qüvvəsini sınayacaq. Bu il Azərbaycanın taekvondo üzrə milli komandasının dörd Qran-Pri yarışında iştirak etməsi nəzərdə tutulur. “Yığmamızın iyunun 9-11-də İtaliyanın paytaxtı Romada Qran-Pri turnirində iştirakı gözlənilir. Taekvondoçularımız Bakıdakı dünya çempionatından sonra iyunun 23-26-da Polşada təşkil olunacaq Avropa Oyunlarında güclərini sınayacaqlar. Avropa Oyunları dörd ildən bir keçirilən böyük yarışdır. Həmçinin avqustun 31-dən sentyabrın 2-dək Parisdə Qran-Pri turnirində mübarizə aparacaqlar. İdmançılarımızın oktyabrın 15-17-də Çində Qran-Pri turnirinə qatılması da planlaşdırılır. Eləcə də onlar dekabrın 2-3-də İngiltərənin Mançester şəhərində final Qran-Prisində döyüşəcəklər. Atletlərimizin Qran-Pri turnirlərinin qalibi və mükafatçısı kimi də Olimpiadaya birbaşa qatılması mümkündür”, - Elnur Amanov vurğulayıb.

İdman 2023-01-29 11:00:00