×
A
A
A
Sazlamalar

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi İrandakı səfirliyimizə edilən hücumu qətiyyətlə pisləyib

Tbilisi, 28 yanvar, AZƏRTAC

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) Azərbaycanın İrandakı səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, birliyinin sədri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadənin Gürcüstanın azərbaycanlı jurnalistlər adından yaydığı bəyanatda səfirliyimizə edilən hücum qətiyyətlə pislənilir və İran hakimiyyətindən terrorçuların tezliklə cəzalandırılması tələb olunur.
Sənəddə deyilir: “Yanvarın 27-də qan yaddaşımıza yeni bir tarix yazıldı. Bütün dünyada olduğu kimi biz, Gürcüstanda yaşayıb-yaradan azərbaycanlı jurnalistlər də Tehranda baş verən terror aktını ciddi şəkildə pisləyir, qınayır və belə bir qansız, alçaq terrorçunun, cinayətkarın vicdansız, xain hərəkətinə qarşı lazımi tədbirlər görülməsini tələb edirik. Biz bu terrorun baş verməsində İran hakimiyyətini qınayır və dünya ölkələrinə "Diplomatik əlaqələr haqqında" Vyana Konvensiyasının müddəalarının kobud şəkildə pozulduğunu qeyd edir, xaincəsinə törədilmiş qanlı hadisənin təcili olaraq araşdırılmasını tələb edir və bu vəhşi hücumun qara ləkə olduğunu bildiririk”.
GAJB Azərbaycan tarixinə belə qanlı tarixi günlərin bir daha yazılmasını istəmir. Bildirilir ki, Azərbaycan xalqı sülhsevər və humanist xalqdır. Azərbaycan sülhə, firavanlığa və əmin-amanlığa çalışan, günəşli bir dünyaya can atan bir ölkədir. Biz doğma və sülhsevər Azərbaycanımızı həmişə dəstəkləyir və onun inkişafını, güclü dövlətə çevirilməsini alqışlayırıq.
“Biz jurnalistlər Azərbaycanın yeni tarixinin səhifələrinə hər bir hadisəyə etinasız və barmaqarası yanaşan İranın KİV-ləri tərəfindən son zamanlar Azərbaycana qara ləkələr yaxıldığını oxuyur və görürük. Sözsüz ki, bizlər buna təəssüf edirik”,- deyə bəyanatda vurğulanır.
Sənəddə, həmçinin deyilir: “Təəssüf edirik ki, Tehrandakı Azərbaycan diplomatik nümayəndəliyinə qəflətən xaincəsinə hücum edilib. Bu hücumda həyatını qurban verən Azərbaycan Respublikasının İrandakı səfirliyinin təhlükəsizlik xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun həlak olması Gürcüstanda yaşayan azərbaycanlı jurnalistləri də dərindən kədərləndirib. Biz jurnalistlər Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Hadisə zamanı xəsarət alan səfirliyin digər iki nəfər mühafizəçilərinə də tezliklə sağalmalarını arzulayırıq. İnanırıq ki, yaxın günlərdə xain və alçaq terrorçu tezliklə öz cəzasına çatacaq”.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2023-01-28 16:56:00