×
A
A
A
Sazlamalar

İran hakimiyyətini əsl günahkarları tapıb, məsuliyyətə cəlb etməyə çağırırıq

Bakı, 28 yanvar, AZƏRTAC

Yanvarın 27-si Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə olan silahlı hücumu Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi (TAİB) qətiyyətlə pisləyir. Zorakılıq nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin öldürülməsi və iki işçisinin yaralanması ilə nəticələnən hücum bir terror aktıdır.
Bunu AZƏRTAC-a açıqlamasında TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü akademik Sudeif İmamverdiyev deyib.
O bildirib ki, diplomatik mərkəzə hücumu məişət zəmininə yönəltməklə İran hakimiyyəti bu zorakı hücumla bağlı məsuliyyətdən boyun qaçırmağa çalışıb. Biz İran hakimiyyətini əsl günahkarları tapıb, məsuliyyətə cəlb etməyə çağırırıq. İran-Azərbaycan münasibətlərində son zamanlar müşahidə edilən gərginliyi bu hadisə daha da artırıb. Bundan əvvəl də İranın Azərbaycanın sərhədlərində hərbi təlimlər keçirməsi, ölkəmizə qarşı tənqidi çıxışları Azərbaycan Respublikası ictimaiyyətində sərt əks reaksiyalar doğurub.
“Baş verən bu hadisə vəziyyəti daha da gərginləşdirir. Biz vətəndaş cəmiyyəti, Azərbaycan ağsaqqalları olaraq bu hadisəni qətiyyətlə pisləyir, İran hakimiyyət dairələrini şiddətlə qınayırıq”, - deyə akademik Sudeif İmamverdiyev vurğulayıb.

Siyasət 2023-01-28 16:03:00