×
A
A
A
Sazlamalar

Xalçaçı Əminə Tarıyeva: Hər kəsin toxuduğu xalça öz qəlbinin aynasıdır

Sumqayıt, 28 yanvar, Firuz Novruzov, AZƏRTAC

Xalça ilə onu toxuyan şəxsin ümumi aurası olur və mən bu həqiqəti 40 ilə yaxındır, hələ ilk ilmələri vurarkən duydum. Bilirsiniz, xalça da uşaq kimidir və o hana qarşısındakı şəxsdən diqqət və sevgi gözləyir. Ötən müddətdə bir də ona inanmışam ki, toxucunun əhval-ruhiyyəsi xalçanın ilmələrinə hopur. Məhz buna görədir ki, hər kəsin toxuduğu xalça onun qəlbinin aynasıdır.
Sumqayıtda görüşdüyümüz xalçaçı Əminə Tarıyeva AZƏRTAC-ın əməkdaşı ilə söhbətinə belə başlayır və xalça üçün hananın qurulmasından, onun hazır olaraq kəsilməsinə qədər proses barədə dolğun məlumat verməyə çalışır.
Əminə xanım xalçaların ölçülərinə, tiplərinə, funksional xüsusiyyət və keyfiyyətlərinə görə müxtəlifliyi, Azərbaycanın süjetli, tematik xalçaların vətəni sayılan azsaylı ölkələrdən biri olduğunu qeyd edir. Əsasən divar hanasında və ipək saplarla işlədiyini deyən xalçaçı naxış elementi kimi butaya üstünlük verdiyini deyir: “Bizim xalçalar hər zaman toxunma prosesində ipək və yunun keyfiyyəti, boya komponentləri, naxışlar və obrazları ilə fərqlənib. Bizim xalçalarda ilmələrin sıxlığı ilə xovun qalınlıq mütənasibliyini saxlamaq da diqqəti cəlb edir”.
Özünü daha çox Quba xalçaçılıq məktəbinin nümayəndəsi hesab edən Əminə xanım Vətən müharibəsindəki qələbəmizdən danışır. O, qazanılan zəfərin xalçalarımızın tematikasında uzun müddət qalacağına inanır: “Qarabağda qazanılan tarixi qələbə yüz illərlə ancaq xalçaçıların deyil, bütün sahələr üzrə sənətçilərin başlıca mövzusu olaraq qalacaq”.
O, emalatxanadakı suvenir xalçaları göstərərək bu ölçüdəki məhsulların ölkəmiz və xalqımız barədə daha geniş məlumat verdiyini deyir.
Həmsöhbətim xalçalarımızın UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsini milli irsimizə dünyanın verdiyi qiymət kimi dəyərləndirib.

 

 

 

Regionlar 2023-01-28 12:47:00