×
A
A
A
Sazlamalar

Uşaq arabaları körpələrdə sərbəst yerimə zamanı tənbəllik yaradır

Bakı, 28 yanvar, AZƏRTAC

Valideyn olan hər kəs övladının atacağı ilk addımı səbirsizliklə gözləyir, hətta bunun daha tez baş verməsi üçün dəstək olur. Hər uşağın yeni doğulandan 1 yaşına qədər müayinə protokolu var. Həmin protokola əsasən 6 aydan sonra uşaqların sümükləşmə prosesinin əmələ gəlib-gəlməməsi yoxlanılır.
Bəzi valideynlər öz rahatlıqları üçün beş-altı aydan başlayaraq körpələri yerimək üçün uşaq arabalarına qoyurlar. Həmin arabalarda körpənin ayağı yerə dəyir və özünü itələyərək yeriməyə cəhd göstərir. Bu vəziyyət olduqca zərərli və yolverilməzdir.
AZƏRTAC xəbər verir ki, vertebroloq Röya Musayeva həmin köməkçi vasitələrin körpələrdə yaratdığı fəsad barədə deyib: “Yerimək üçün olan köməkçi vasitələrdən istifadə zamanı uşaq ayağını tam yerə basmır və barmaq ucunda gəzməyə başlayır. Bu cür yerimək hətta onun Axil vətərinin qısalmasına gətirib çıxara bilər. Həmin uşaqlarda 3-4 yaşdan sonra onurğada deformasiya müşahidə edilir. Hətta ayağın yerə tam basılmaması yastıpəncəliliyə qədər gətirib çıxara bilər”.
Körpə ilk növbədə oturmalı, sonra iməkləməlidir, yəni uşaq bu prosesi mütləq keçməlidir. Oynaq aparatı formalaşdıqdan sonra isə gəzməyə başlamalıdır. Azyaşlılar əvvəlcə ayağını, dabanını, sonra isə pəncəsini yerə bərkitməyi bacarmalıdır. “Birinci növbədə uşağın bioloji yaşı ilə fiziki yaşına baxmaq, məsələn, əgər uşaq 6 aylıqdırsa, onun hərəkətlərinin altı aya uyğun olub-olmadığına fikir vermək lazımdır. Yaşyarımını keçən uşaqda normal iməkləmə, əşyadan tutub ayaq üstə qalxma yoxdursa, artıq həyəcan təbili çalmağa əsas var. Çünki fizioloji olaraq uşaq özünü hazır hesab etdiyi zaman yerimə başlayır. Yerimək üçün köməkçi vasitələr uşağın ayaq açmasına heç də böyük kömək göstərmir”, - deyə müsahibimiz bildirib.
Uşaq arabalarının digər mənfi tərəfləri də var. Onlar ilk addımlarını atmağa başlayan körpələrdə sərbəst yerimə zamanı tənbəllik yaradır, sümük-əzələ sisteminə birbaşa təsir edən əşyalarda körpənin ayağının yerə çatmaması isə ən təhlükəli vəziyyət hesab olunur.

 

Səhiyyə 2023-01-28 12:07:00