×
A
A
A
Sazlamalar

Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları sahibkarlara izah olunub

Bakı, 27 yanvar, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi çərçivəsində təşkil olunan növbəti “Peşəkarlarla görüş” “Pestisid və aqrokimyəvi maddələrin düzgün tətbiqi qaydaları" mövzusuna həsr olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd olunub, qida zənciri boyu fəaliyyət göstərən sahibkarlara pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması və qeydiyyata alınması barədə məlumat verilib.
Görüşdə iştirakçılar pestisid və aqrokimyəvi maddələrdən istifadə zamanı diqqət yetirilməli olan məsələlər, düzgün daşınma və saxlanma qaydaları, təhlükəsizlik tədbirləri, həmçinin onların yanlış istifadə nəticəsində insan orqanizmində və ətraf mühitdə yarada biləcəyi risk faktorları və yetişdirilən məhsulların keyfiyyət göstəricilərinə təsirləri haqqında məlumatlandırılıb. Bundan başqa, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, aqrokimyəvi maddələrin və onların qablarının geri alınması, zərərsizləşdirilməsi, məhv edilməsi, həmçinin istehsal edilən bitkiçilik məhsullarının Avropa bazarına çıxarılması üçün həmin sahədə pestisid və aqrokimyəvi maddələr dövriyyəsinin təşkili qaydaları videomateriallar əsasında sahibkarlara izah olunub.
Mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Sosial 2023-01-27 18:30:00