×
A
A
A
Sazlamalar

“Fövqəladə vəziyyət haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan komitə sədri Ziyafət Əsgərov Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını kəskin surətdə pisləyib. Bildirib ki, beynəlxalq hüquqa uyğun olaraq Tehrandakı səfirliyimizin təhlükəsizliyini İran tərəfi qorumalıdır. Lakin, İran hökuməti bunu etməyib. Ona görə də bu terror aktına görə, İran məsuliyyət daşıyır. Z.Əsgərov Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktında həlak olan səfirlik əməkdaşının ailəsinə və yaxınlarına səbir diləyib, hadisədə yaralananlara şəfa diləyib.
Deputatlar Hikmət Məmmədov, Aydın Mirzəzadə, Nizami Səfərov, Arzu Nağıyev, Aqil Abbas, Elman Məmmədov terror hücumunu qətiyyətlə pisləyiblər. Deputatlar terror aktının təcili araşdırılmasının vacibliyini qeyd ediblər.
Sonra iclasda gündəlikdəki “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Qanun layihəsi barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərə əsasən “Fövqəladə vəziyyət haqqında” Qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir. Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ-hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır.
Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılır.
Qanun layihəsinin müzakirəsində Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Məmmədov, komitə üzvü Aydın Mirzəzadə çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
Müzakirələrdən sonra “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Bəxtiyar Sadıqov və digər rəsmi şəxslər iştirak ediblər.

Daxili siyasət 2023-01-27 17:01:00