×
A
A
A
Sazlamalar

Azərbaycan səfirliyinə hücum “İran” adlanan ölkənin xüsusi xidmət orqanlarının törətdiyi terror aksiyasıdır - Siyasi ekspert

Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücum molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı ideoloji, mənəvi, informatik və silahlı terror siyasətinin ən iyrənc nümunəsidir. Bu amil molla rejiminin tamamilə azğınlaşdığını, özünün tez-tez müraciət etdiyi, diplomatik və siyasi sərhədlərini, bütün “qırmızı xətt”ləri keçdiyini, regional və beynəlxalq münasibətlər sisteminə, sivil, demokratik və dünyəvi dövlətçiliyə, bəşəri dəyərlərə, insanlığa, fərdlərin və xalqların azad, suveren yaşamaq haqlarına qənim kəsildiyini bir daha təsdiqləyir. “İran” adlanan xalqlar həbsxanasında hakimiyyəti mənimsədiyi vaxtdan, təxminən 9 ay sonra ABŞ-ın Tehrandakı səfirliyinə hücum edərək terror aksiyası törədən molla rejiminin həmin dövrdəki əməli terrorçu Tehran rejiminin sivil dünyaya meydan oxuduğu zaman kəsiyinin başlanğıcı olduğu kimi, Azərbaycan səfirliyinə amansız hücum da qatil, terrorçu rejimin sonu olacaq. Baş verən bu xain terror aksiyası molla rejiminin hansı səbəblərdən Ermənistana hərtərəfli dəstək verdiyini, Azərbaycan xalqına və onun dövlətçiliyinə qənim kəsildiyini sübuta yetirir. Terrorçu dövlətlərin sivil, mədəni, tolerant xalqlara və dövlətlərə qarşı birgə fəaliyyət göstərməsindən təbii heç nə ola bilməz. Baş verənlərin məsuliyyəti, həm də İranın regionda nümayiş etdirdiyi siyasətə seyrçi qalan, dolayısı ilə molla rejiminin anti-Azərbaycan siyasətinə dəstək verən, Tehran rejiminin ölkə sərhədlərindən kənarda dəstəklədiyi qüvvələrlə ittifaq quran Fransa kimi ölkələrin və onların məsuliyyət hissini tamamilə itirmiş liderlərinin üzərinə düşür. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası, Azərbaycan dövlətinə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, öz tarixi vətənlərində yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur və bu amansız cinayətin cavabı cinayətkar, terrorçu, qadın düşməni, xain molla rejiminin dünyanın siyasi səhnəsindən silinməsi ilə verilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.
Elçin Mirzəbəylinin sözlərinə görə, ən qısa zamanda İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə real təhdid yaratması və baş verən xain terror aksiyası BMT-nin müzakirəsinə çıxarılmalı, xain molla rejiminin Azərbaycandakı bütün təmsilçiləri ölkədən “iti qovan” kimi qovulmalı, İranla bütün diplomatik əlaqələrə son qoyulmalıdır. Azərbaycan Respublikası ona BMT Nizamnaməsi ilə verilən kollektiv müdafiə hüququndan istifadə edərək, Türkiyəyə və digər müttəfiqlərinə müraciət edərək, molla rejiminin təhdidlərinə qarşı səfərbər olmalıdır. Azərbaycan səfirliyinin ərazisi Azərbaycan Respublikasının ərazisi sayıldığı üçün terror aksiyası, eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır. Azərbaycan səfirliyinə hücum, baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalı, 1961-ci il Vyana Konvensiyasının 22, 23, 24, 25, 27, 29, 31, 37, 47-ci maddələrinin, Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasının 28, 30, 31, 37, 47-ci maddələrinin, Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 4 və 7-ci maddələrinin və BMT Nizamnaməsinin 3 və 4-cü fəsillərinin 2 və 33-cü maddələrinə əsasən, İrana qarşı iddia qaldırılmalıdır.
“Azərbaycan səfirliyinə hücum və gerçəkləşdirilən xain terror aksiyası “İran” adlanan ölkədə, öz tarixi vətənlərində yaşayan Azərbaycan türkləri və bu ölkədə molla rejiminin girovuna çevrilmiş bütün xalqlar tərəfindən qətiyyətlə pislənilməli və qaniçən, terrorçu rejimə qarşı mübarizənin təkcə onların deyil, həm də bütün sivil bəşəriyyətin təhlükəsizliyinə xidmət etməsi təkzibolunmaz gerçəklik kimi qəbul edilməlidir. Rədd olsun qaniçən, terrorçu molla rejimi!”, - deyə politoloq vurğulayıb.

Xarici siyasət 2023-01-27 13:41:01