×
A
A
A
Sazlamalar

Niyaməddin Paşayev: Qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir

Bakı, 27 yanvar, AZƏRTAC

Ötən ilin dekabrında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekununa əsasən yığmaların heyəti müəyyənləşdi. Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev deyib.
Onun sözlərinə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır. Ötən il taekvondoçuların 101 medal əldə etdiyini xatırladan dünya çempionu 2023-cü ildən də gözləntilərinin yüksək olduğunu deyib: “Bu il bizim üçün çox məsuliyyətli bir il olacaq. Çünki qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Kişi və qadınlardan ibarət komandalar yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün istirahət etmədən hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevraldan başlayacağıq. Kişilərdən ibarət milli komanda qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər. Onlar ardınca Cənub Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi, ölkəmizi layiqincə təmsil edib daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.
N.Paşayev qeyd edib ki, bu il qadın taekvondoçularımızdan yeni uğurlar gözləyir. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir: “İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi ilə daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımi şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”.
Vitse-prezident vurğulayıb ki, kişilərdən və qadınlardan ibarət millilərdə nəsildəyişmə prosesi gedir. Hər iki komandaya gənc və perspektivli taekvondoçular cəlb olunublar və bu, yığma tam komplektləşənə qədər davam edəcək: “Məqsədimiz beynəlxalq turnirlərdə onları sınamaq və əsas rəsmi yarışlar üçün bütün çəkilərdə ən güclünü müəyyənləşdirməkdir. Böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə milli komandalara da xüsusi diqqət yetirilir. Uğura gedən yol məhz yeniyetmə idmanından başlayır. Aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır. Biz də sabahımızı daha işıqlı etmək üçün onlara xüsusi diqqət yetirir, təməlin daha möhkəm olması üçün federasiyadan asılı olan hər şeyi edirik. İnanırıq ki, ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımız böyük yaş qruplarında da uğurlarını davam etdirəcəklər”.
ATF rəsmisi parataekvondoçularımızın da il ərzində layiqli çıxış edəcəklərinə inam ifadə edib. O vurğulayıb ki, idmançılarımız əla formadadırlar və iştirak edəcəkləri yarışlarda sözlərini deyəcəklərinə inanır. Bu il paytaxtımızda dünya çempionatı keçiriləcək. Mundiala bizim üçün xüsusi önəm kəsb edir. Məsuliyyətli, eyni zamanda gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Sonra isə “Paris-2024” Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik.

İdman 2023-01-27 04:17:00