×
A
A
A
Sazlamalar

Anaranın Anarsız keçən ikinci ad günü...

Bakı, 26 yanvar, AZƏRTAC
Anara işıqlarla bəzədilmiş salonda o tərəf-bu tərəfə yüyürür, sevinc içində şarlarla oynayır, ona gətirilən hədiyyələrə baxırdı. Məclisin ortasında onun şərəfinə hazırlanmış bər-bəzəkli tort, uşaqları əyləndirən panda...
Onun saçlarına taxılan ağ lentlə ağappaq donu həmahənglik təşkil edirdi. Üzündəki təbəssüm, çöhrəsindəki gülüş xoş ovqat yaradırdı. Balaca qızcığaz hərdən musiqi sədalarının ritminə uyğun olaraq əl-qolunu açır, hərdən də yaşıdlarına qoşulub əylənirdi...
AZƏRTAC xəbər verir ki, Anara Nağıyevanın ad gününə doğmaları, tanışları, ailəyə yaxın olan dostları toplaşmışdılar.
Anara sevinirdi, əylənirdi, rəqs edirdi, salonda ora-bura qaçırdı, onun sevincindən hamıya pay düşürdü. Amma bu məclisdə çöhrəsində qəm işığı dolaşanlar da var idi... Babası Vüqar, nənəsi Rəsmiyə, anası Gülnar bir gözü ilə sevinir, bir gözü ilə kədərlənirdilər.
Yaxşı ki, Anara bunlardan xəbərsiz idi... O, hələ anlamırdı ki, atası Anar Nağıyev Vətən müharibəsi şəhididir. O, haradan bilsin ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri olan atası Vətən müharibəsində döyüşlərə Murovdağ yüksəkliyindən başlayıb, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdərə, Xocavənd, Şuşa uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib. O, haradan bilsin ki, Anar 2020-ci il noyabrın 6-da Şuşada düşmənlə üzbəüz döyüşlər zamanı güllə yarası alaraq iki gün sonra əbədiyyətə qovuşub.
Anara bütün bunlardan xəbərsiz idi və ikinci il idi ki, doğum gününü atasız keçirirdi. O, atasını yalnız şəkillərdən tanıyır və onun ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmağını da anlamır...
Anarın vəfalı dostları, döyüş yoldaşları onun özündən sonra dünyaya gələn qızını ad günündə tək buraxmamışdılar.
Anar Nağıyevin döyüş yoldaşı, Vətən müharibəsi qazisi Rəşad Novruzov məclisdə çıxış edərək bütün dostlarının ürəyindən gələn bir söz dedi: “Ömrümüzün sonunacan şəhid qardaşlarımızın əmanətlərinə sahib çıxacaq, onların hər anında yanlarında olmağa çalışacağıq. Bu, bizim onlara vəfa borcumuzdur”.
Məclisdə çıxış edənlər bu ocağın, bu ailənin, eləcə də 2 yaşını qeyd edən Anaranın ünvanına xoş sözlər söylədilər, xeyir-dua verdilər.
Üzərində Anaranın adı yazılmış tort kəsıldi, şamlar şölələndi, musiqi sədaları altında böyük həyatın yollarına doğru addımlayan şəhid övladına xoşbəxt həyat arzuladılar.
Anara həmin dəqiqələrdə anası Gülnarın qucağında ətrafda baş verənlərə tamaşa edirdi, anasının yanında bir ata yeri də görünürdü...

 

 

Sosial 2023-01-26 18:46:00