×
A
A
A
Sazlamalar

Latviyalı nazir ermənilər tərəfindən mədəni irsimizin dağıdılması barədə məlumatlandırılıb

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu ölkənin mədəniyyət naziri Nauris Puntulis ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud olan mədəni əlaqələr, həyata keçirilən birgə layihələrdən danışılıb, eyni zamanda, münasibətlərimizin daha da gücləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd olunub.
Nauris Puntulis diqqətə çatdırıb ki, iki ölkəni möhkəm tarixi-mədəni bağlar birləşdirir. XX əsrin əvvəlində Azərbaycanda yaşamış latış icmasının görkəmli nümayəndələrinin fəaliyyətinə toxunan nazir hazırda mədəniyyət sahəsində əlaqələrdən danışıb və bu mənada, Latviyanın aparıcı mədəniyyət ocaqlarının ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb.
Səfir Elnur Sultanov Nauris Puntulisi yenidən Latviyanın mədəniyyət naziri təyin olunması münasibətilə təbrik edərək, Azərbaycanın iki ölkə arasında mədəni əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. O, ölkəmizdə mədəniyyət sahəsində görülən işlərdən, beynəlxalq təşəbbüslərimizdən, habelə səfirlik tərəfindən Latviyada həyata keçirilən mədəni layihələrdən danışıb. Həmçinin Ermənistan tərəfindən torpaqlarımızın 30 ilə yaxın işğalı dövründə mədəni irsimizin vəhşicəsinə dağıdılması və Ermənistanın digər müharibə cinayətləri haqqında məlumat verərək, hazırda işğaldan azad edilən ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda səfir Elnur Sultanov səfirliyin təşəbbüsü ilə ötən ildə “Şuşa İli” çərçivəsində Riqa şəhərində latış dilində nəşr olunan “Şuşa – Azərbaycanın incisi” adlı kitabı nazir Nauris Puntulisə hədiyyə edib.

Cəmiyyət 2023-01-26 18:06:00