×
A
A
A
Sazlamalar

Bakıdakı Rus Evində Vladimir Vısotskinin 85 illiyinə həsr olunmuş musiqili-poetik gecə

Bakı, 26 yanvar, AZƏRTAC

Bakıdakı Rus Evində (RİMM) müəllif musiqisinin əfsanəsi, teatr və kino aktyoru, bir çox nəsillərin kumiri Vladimir Vısotskinin 85 illiyinə həsr olunmuş musiqili-poetik gecə keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gənc istedadlı musiqiçilər Alina Litvinova və Cavad Babayev dahi müəllifin mahnılarını ifa ediblər.
Vısotski yaradıcılığını sevənlər onun şerlərini oxuyublar. Gecədə Azərbaycanın Yazıçılar İttifaqının üzvü Sahib Məmmədov, Lalə Həsənova, Günatay Hüseynova, Emil Quluyev, Mariya Petriyenko, Nigar Əbdürəhimova, Aysel İbrahimova, Ləman Həsənova, Arzu Muradova çıxış ediblər.
Vladimir Vısotski – sovet şairi, müğənni, peşəkar aktyor, SSRİ Dövlət mükafatı laureatıdır. Vısotskinin ədəbi irsinə 200-dən çox şeir, eləcə də 600-dən çox mahnı və uşaqlar üçün bir poem daxildir. Mahnılarının bir hissəsini Vladimir Vısotski konkret olaraq hansısa kinofilm üçün yazıb.

Mədəniyyət 2023-01-26 17:51:00