×
A
A
A
Sazlamalar

Şagirdlərin ekoloji maarifləndirilməsi cəmiyyətimiz üçün önəmlidir

Bakı, 26 yanvar, AZƏRTAC

Bu gün ölkəmizdə, eləcə də işğaldan azad edilmiş ərazilərdə milli hidrometeorologiya xidmətinin müşahidə şəbəkəsinin modernləşdirilməsi, yeni beynəlxalq standartlara cavab verən iqlim cihazlarının alınması və ərazilərdə quraşdırılması ilə bağlı şagirdlərə maraqlı təqdimatlar nümayiş etdirdik. Düşünürük ki, uşaqlar məktəb yaşlarından ekoloji təlimat, təbliğat və maarifləndirməyə yönəlik tədbirlərlə qarşılaşmalıdırlar. Şagirdlərin belə tədbirlərdə fəal iştirak etməyi nəinki onlar, hətta cəmiyyətimiz üçün də önəmlidir. Vacib sahələrdən biri də meteoroloji proseslərdir. Uşaqların meteoroloji proseslərin izlənilməsi, hidrometeoroloji proqnozların hazırlanması zamanı sinoptiklərin gördüyü işlərlə tanış olması daha yaxşıdır. Hesab edirik ki, atmosfer proseslərinin necə əldə olunması, onun nəticələrinin necə təhlil olunması ilə bağlı təqdimatlar maraqlı idi.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Mircavad Seyfili deyib.
Hazırda Laçın-Xankəndi yolunda davam edən aksiyadan da bəhs edən M.Seyfili orada da gənclərin aktivlik göstərdiyini bildirib: “Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqlarının talanmasının dayandırılması məqsədilə təşkil olunan etiraz aksiyasında vətəndaş cəmiyyətimiz çox aktivlik göstərir. Burada gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Bu, onu göstərir ki, hər şey ailədən, orta məktəbdən başlayır. Hər birimiz uşaqlara həm azad edilmiş ərazilərdə, həm də respublikanın digər ərazilərində ekoloji sərvətlərdən daha səmərəli istifadə etməyi aşılamağa, daha sonra onlardan bu aşılamanın nəticələrini görməyə səy göstərməliyik. Əminəm ki, bu kimi tədbirlər mütəmadi davam edərsə, gələcəkdə nəticəsi də çox qənaətbəxş olacaq”.

 

 

Ekologiya 2023-01-26 17:47:00