Palçıq Vulkanları Turizm Kompleksinin Baş Planında nəzərdə tutulan işlər başa çatmaq üzrədir
Bakı, 26 yanvar, AZƏRTAC
Palçıq Vulkanları Turizm Kompleksinin Baş Planında nəzərdə tutulan binalarda (İnformasiya Mərkəzi, inzibati bina, iaşə obyekti və s.) tikinti-quraşdırma işləri başa çatmaq üzrədir.
AZƏRTAC-ın sorğusuna cavab olaraq bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
“Binalarda daxili kommunikasiya işləri aparılmaqdadır. Eyni zamanda turizm kompleksinə daxil olan tikililərin sahədaxili kommunikasiya işləri həyata keçirilir – su, elektrik, rabitə xətləri çəkilir, kommunikasiya avadanlıqları quraşdırılır”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Palçıq Vulkanları Turizm Kompleksinin təməlqoyma mərasimində dövlətimizin başçısı iştirak edib. Kompleks Bakıdan 59 kilometr cənub-qərbdə, Qobustan qəsəbəsindən təxminən 17 kilometr şimal-qərbdə, Şamaxı istiqamətinə gedən əsas yolun üstündə dəniz səviyyəsindən 235 metr hündürlükdə yerləşən ərazidədir. Bura “Qılınc” palçıq vulkanlarının ərazisi kimi tanınır. Ərazinin turizm imkanları qiymətləndirildikdən sonra kompleksin yaradılması qərara alınıb. Sahəsi 12 hektar olan kompleksdə kvadrotsikl ərazisi, piyada yürüş yolları, zipline və baxış qülləsi, avtodayanacaq, suvenir dükanı, eləcə də müalicəvi vannalar nəzərdə tutulur.
“Qılınc” palçıq vulkanlarının yerləşdiyi ərazidə turizm kompleksinin yaradılmasının bir sıra üstünlükləri vardır. Yaxınlıqda yerləşən və dünyanın ən böyük vulkanlarından olan “Torağay”a və digər vulkanlara mənzərənin açılması, burada turistlərə gəzinti üçün əlverişli şərait yaradan 3 müxtəlif vulkan qrupunun olması, Qobustan qoruğunun yaxınlığında yerləşməsi kimi amillər ərazinin turistik əhəmiyyətini daha da artırır.
Xatırladaq ki, Azərbaycan dünyada palçıq vulkanlarının nadir və klassik inkişaf regionu kimi tanınır. Yer kürəsindəki məlum 1700-dək palçıq vulkanından 700-ü ölkəmizdə - əsasən Abşeron yarımadası, Şamaxı-Qobustan, Cənub-Şərqi Şirvan və Bakı arxipelaqındadır. Onlardan 350-si aktiv vulkandır.
Şuşaya ilk turist səfəri təşkil olunub
Dövlət Turizm Agentliyinin nümayəndə heyəti UNESCO-nun rəhbər şəxsləri ilə görüşüb
Xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri təşkil olunacaq
ATAA bir sıra hotellərə səmərəli əməkdaşlığa görə təşəkkürnamələr təqdim edib
Ölkəmizin turizm imkanları Rusiyada beynəlxalq turizm sərgisində nümayiş etdirilir