×
A
A
A
Sazlamalar

“Gənc İstedadlar” liseyinin şagirdləri hava proqnozlarının hazırlanması ilə tanış olublar

Bakı, 26 yanvar, AZƏRTAC

Dünya Ekoloji Təhsil Günü digər ölkələrdə olduğu kimi ölkəmizdə də müxtəlif tədbir və təşəbbüslərlə qeyd olunur. Bu günə həsr olunmuş tədbirlərdən biri yanvarın 26-da Bakı Dövlət Universiteti nəzdində “Gənc İstedadlar” liseyində keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekoloji təhsil və davamlı inkişaf bölməsinin müdiri Jalə İsmayılova bu günün qeyd edilməsində əsas məqsədin ətraf mühitdə baş verən problemlərin həllinə ictimai diqqəti yönəltmək olduğunu diqqətə çatdırıb.
Respublika-Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən “Ekolojiyönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi” layihəsi barədə məlumat verən J.İsmayılova layihənin əsas ideyasının məktəblərin “yaşıl” və ya “ekoloji” status alması olduğunu qeyd edib: “Bunun üçün il boyu su və enerjiyə qənaət, tullantıların çeşidlənməsi və təkrar emala göndərilməsi, yaşıl guşələrin yaradılması və s. istiqamətlərdə tədbirlər görülür, eyni zamanda, da fasiləsiz ekoloji maarifləndirmə proqramı həyata keçirilir. 20 məktəbin iştirakı ilə həyata keçirilən layihəyə 2015-ci ildə start verilib. Hazırda “Yaşıl Şəbəkə” Bakı üzrə 40 məktəbi və regionlar üzrə 57 məktəbi əhatə edir. Hər il layihəyə yeni qoşulmaq istəyən məktəblərin sayı artır. Həmin ekoloji maarifləndirmə proqramı çərçivəsində “Gənc İstedadlar” liseyi daxil olmaqla digər məktəblərdə də ekoklublar yaradılıb. Əsas məqsəd uşaq və gənclərin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində biliklərini artırmaq, onları bu sahədə məsuliyyətli olmağa cəlb etməkdir”.
Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları Şəbnəm Qurbanova və Mircavad Seyfili təqdimatlarla çıxış edib, hava proqnozlarının hazırlanması qaydası, ölkəmizdə hidrometeoroloji şəbəkə, hidrometeorologiyada ənənəvi və müasir üsulların fərqi və s. barədə məlumat veriblər. Sonra şagirdlər arasında sual-cavab yarışı keçirilib, qaliblərə kitablar hədiyyə olunub.
Sual-cavab yarışında aktiv iştirak edənlərdən biri - liseyin 6-cı sinif şagirdi Əlikamal Həsən ətraf mühit, biomüxtəliflik, canlılar aləminə dair məlumatları maraqla oxuduğunu və bu barədə biliklərini daha da artırmaq istədiyini deyib. Təhsil aldığı liseydə ekoklub yaradıldığını bildirən Ə.Həsən ekoklub vasitəsilə ətraf mühit, ekologiyaya dair informasiyalar əldə etdiyini qeyd edib: “Hər gün televiziya qarşısında sabahın hava proqnozlarını izləyirəm. Bu gün isə həmin məlumatların necə hazırlandığını öyrəndim. Əldə etdiyim məlumatlar mənim üçün yeni idi. Belə tədbirlərin davam etdirilməsini istəyirəm”.
Şagirdlər arasında fəallığı ilə seçilənlərdən biri də Məhəmməd Abdulla idi. O, gələcəkdə ekologiyamıza fayda verəcək, xüsusilə də azad edilmiş ərazilərimizdə ətraf mühitin bərpasına töhfə verəcək layihələr həyata keçirtmək istədiyini bildirib: “Ekoloji faktlar, məlumatlar mənim diqqət mərkəzimdədir. Bu gün də çox maraqlı məlumatlar əldə etdim. Bildim ki, bizə doğru hava proqnozlarını çatdırmaq üçün hidrometeoroloqlarımız hansı üsullardan istifadə edirlər. Biliklərimi artıracaq və gələcəkdə fərqli ekoloji layihələr həyata keçirəcəyəm”.

Ekologiya 2023-01-26 16:48:00