×
A
A
A
Sazlamalar

“Şirməmməd Hüseynov” mükafatının 2022-ci il üçün qalibi elan olunub

Bakı, 26 yanvar, AZƏRTAC

“Şirməmməd Hüseynov” mükafatının Ekspert Komissiyası 2022-ci il üçün qalibi elan edib.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, mükafatın Əsasnaməsində nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra “Şirməmməd Hüseynov” mükafatının 2022-ci ildəki qalibi Azərbaycanın keçmiş xarici işlər naziri, hazırda ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev olub.
Ekspert Komissiyasının sədri Alim Hüseynli qeyd edib ki, mükafatın qalibinin adı ötən ilin dekabr ayında açıqlanmalı idi. Lakin obyektiv səbəblərdən proses bu günlərdə yekunlaşdı. Ümumilikdə Komissiya üzvləri tərəfindən 6 namizəd irəli sürülmüşdü. Komissiya üzvlərinin yekdil fikri ilə sabiq xarici işlər naziri, diplomat, filologiya elmləri doktoru Vilayət Quliyev qalib elan olundu. Vilayət Quliyevin həm xarici işlər naziri, həm səfir, həm də tədqiqatçı alim kimi fəaliyyəti, xüsusilə də Cümhuriyyətin qurucuları barədə araşdırmaları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan o, Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi xidmətlərə görə, “Şirməmməd Hüseynov” mükafatına layiq görülüb.
“Şirməmməd Hüseynov” mükafatı Parlament Jurnalistlər Birliyinin İdarə Heyətinin 2019-cu il 12 noyabr tarixli qərarı ilə təsis edilib. 2020-ci ildə mükafatın qalibi diplomat, tədqiqatçı alim, diaspor fəalı Ramiz Abutalıbov, 2021-ci ildə isə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olublar.

Cəmiyyət 2023-01-26 14:12:00