×
A
A
A
Sazlamalar

Hərbi qulluqçular daşqaldırma birinciliyində güclərini sınayıblar

Bakı, 26 yanvara, AZƏRTAC

Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi barədə əmrinə əsasən, Quru Qoşunlarının 2023-cü il hazırlıq planına uyğun olaraq daşqaldırma birinciliyi keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Birinciliyə start verilməmişdən əvvəl hərbi qulluqçulara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.
Birdən və təkanla qaldırma üzrə 43 nəfər hərbi qulluqçunun iştirak etdiyi yarışlarda 8 komanda üzrə 6 çəki dərəcəsində mübarizə aparılıb.
Daşqaldırma birinciliyində iştirak edən “Kəlbəcər”, “Hadrut” və “Bərdə” komandaları ümumi nəticələrə müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Yarışların sonunda qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, qaliblər cari ilin fevralında Azərbaycan Ordusu üzrə keçiriləcək daşqaldırma birinciliyində güclərini sınayacaqlar.

Ordu 2023-01-26 12:31:00