×
A
A
A
Sazlamalar

Cəlil Xəlilov: “Heydər Əliyev İli” çərçivəsində bölgələrdə də müxtəlif tədbirlər təşkil edəcəyik

Ulu Öndərin təcrübəsi sayəsində Azərbaycan bütün təhlükələrdən xilas oldu

Bakı, 26 yanvar, AZƏRTAC
Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu gün Azərbaycan ictimaiyyətinə, dünyada tanınan şəxsiyyət kimi onun xalqımız qarşısında xidmətlərini çatdırmaq, xatırlatmaq bizim üçün borcdur. Ona görə ki, çətin günlərdə biz həmişə Ulu Öndər təcrübəsinə istinad etmişik. Onun Azərbaycan xalqı qarşısında xidmətləri böyük olub. Xalqımız Ulu Öndəri həmişə Azərbaycanın xilaskarı kimi tanıyır, çünki dövlətimizi bir çox bəlalardan xilas edib.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Respublika müharibə və silahlı qüvvələr veteranları təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov deyib.
O bildirib ki, Azərbaycan 1991-1992-ci illərdə parçalanmaqda idi, separatizm baş alıb gedirdi. Azərbaycanın tərkibində silahlı birləşmələr vardı. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu təhlükələrdən xilas etdi, böyük layihələrə imza atdı və biz bu gün həmin layihələrin faydasını görürük. Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi” Azərbaycan üçün nə qədər faydalı olduğu göz qabağındadır.
“Eyni zamanda, bu müqavilə Azərbaycanın iqtisadi imkanını, ordunun gücünü artırdı. Məhz elə 44 günlük Vətən müharibəsində Qələbə qazanmağımız bunun nəticəsidir. Buna görə də biz həmişə Ulu Öndəri xatırlayacağıq. Onun təcrübəsinə müraciət etməyi özümüzə borc bilirik. Respublika Veteranlar Təşkilatı Ümummilli Liderin 100 illiyi münasibətilə tədbirlər planı hazırlayıb. İl ərzində həm Bakıda, həm də bölgələrdə müxtəlif tədbirlər təşkil edəcəyik”, - deyə Cəlil Xəlilov diqqətə çatdırıb.

Cəmiyyət 2023-01-26 12:28:00