×
A
A
A
Sazlamalar

Konfrans: Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir

Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Heydər Əliyev İli”nə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda veteranlar, ölkənin tanınmış ziyalıları, ictimai-siyasi xadimlər, gənclər iştirak edirlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Respublika Veteranlar Təşkilatının sədri, Müharibə və əmək veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova konfransda çıxış edərək Ümummilli Liderin zəngin ömür yoluna nəzər salıb. O bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərdə Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğumuz mühüm tarixi nailiyyətlərin bir daha şahidi olduq.
Sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında ətraflı danışıb. Diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
Vurğulanıb ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Cəlil Xəlilov nizami ordunun yaradılmasında Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən bəhs edib.
Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçilik istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirib. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib.
“Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olub, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilib. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, - deyə Cəlil Xəlilov vurğulayıb.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Əlikram Abdullayev, əmək və Birinci Qarabağ müharibəsi veteranı İmran Əbilov, istefada olan general-mayor Vladimir Timoşenko, professor İbrahim Quliyev, Respublika Veteranlar Təşkilatının şöbə müdiri, general-mayor Rasim Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Ulu Öndərin şanlı ömür yolundan iftixar hissi ilə bəhs edib, respublikamızın bu gün də Heydər Əliyev siyasi kursu əsasında inkişaf etdiyini diqqətə çatdırıblar.

Cəmiyyət 2023-01-26 12:00:00