×
A
A
A
Sazlamalar

Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsi əsaslı təmir olunur

Bakı 25 yanvar, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsində əsaslı təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 3,8 kilometr olan yolun bu hissəsinin eni müvafiq olaraq 8-16 metrdir.
Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən yolun bu hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Bu problem Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aradan qaldırılır. Belə ki, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması və əks-dolğu işləri görülür. Sonra yeni yol əsasının inşası və yeni asfalt-örtüyünün döşənməsi işləri aparılacaq. Təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2,5 metr olan piyada səkilərinin inşası və yararsız səki daşlarının və drenaj xətlərinin yenilənməsi işləri aparılacaq.
İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Sonda hərəkətin normal təşkili üçün yol-cizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılacaq və müasir yol infrastrukturu yaradılacaq.

Tikinti̇ 2023-01-25 20:17:00