Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə TÜBİTAK arasında əməkdaşlıq davam edir
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında işgüzar səfərdədir.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 25-də başlayan səfər çərçivəsində nümayəndə heyəti İstanbulda yerləşən Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin Elm və Texnoloji Tədqiqatlar Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatlar Mərkəzini (BİLGEM) ziyarət edib. Xidmət rəisi İlqar Musayev BİLGEM-in prezidenti Ali Görçin və digər rəsmilərlə görüşüb.
Sonra nümayəndə heyətinə TÜBİTAK BİLGEM-in tarixi, fəaliyyət istiqamətləri, müəllifi olduğu elmi, texniki-texnoloji həllər və Dövlət Sertifikat Xidmətləri Mərkəzinin (KamuSM) fəaliyyəti barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, 2022-ci il dekabrın 12-də “Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə TÜBİTAK BİLGEM arasında birgə əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb. Memorandumu XRİTDX-nin rəisi İlqar Musayev və BİLGEM-in prezidenti Ali Görçin imzalayıblar.
Rusiyadan idxal edilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
Türkiyənin müxtəlif ölkələrlə qurduğu ilk diplomatik münasibətlərini əks etdirən kitab nəşr olunub
Parlamentdə sağlam ailə modelinin hüquqi aspektləri ilə bağlı dinləmə keçirilib
“Güclü cəmiyyətin zərif simaları” adlı layihə çərçivəsində görüşlərə başlanılır