×
A
A
A
Sazlamalar

Prezidentin Qərbi azərbaycanlılarla bağlı fikirləri Gürcüstandakı soydaşlarımız tərəfindən də alqışlanır

Tbilisi, 25 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü və bu görüşdə söylədiyi fikirlər Gürcüstanda məskunlaşmış Qərbi azərbaycanlıların da marağına səbəb olub.
Onların bir qrupu AZƏRTAC-ın Gürcüstandakı müxbiri ilə görüşüb, fikirlərini bölüşüb, arzu və təkliflərini səsləndiriblər.
Tarixçi alim Ramiz Bəkirov AZƏRTAC-a müsahibəsində deyib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü Gürcüstanda yaşayan bütün soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır.
Bu, bizim də sevincimizə səbəb olan məsələdir. İlk növbədə ona görə ki, bir vaxtlar İrəvanda və bu xanlığın ərazisində yaşayan və sonradan ciddi təzyiq və təqiblərə, soyqırımına məruz qalaraq, dədə-baba yurdlarından zorla qovulmuş Qərbi azərbaycanlıların hüquqları bu gün dünya diplomatiyası, dünya hüquq müstəvisinə çıxarılıb. Bu, çox vacib bir məsələdir: “Prezidentimizin də dediyi kimi, əgər bu məsələ 44 günlük Vətən müharibəsindəki qələbəmizdən əvvəl qaldırılsaydı, vaxtından əvvəl atılmış güllə effekti verərdi. Amma bu gün çox vaxtında atılmış addımdır”.
R.Bəkirovun sözlərinə görə, harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar bu məsələyə öz töhfəsini verməlidirlər. Hamımız birgə çalışmalıyıq, mübarizə aparmalıyıq ki, tarixi vətənlərindən – İrəvan xanlığından və onun ətrafından didərgin salınmış azərbaycanlılar öz torpaqlarına qayıtsınlar.
O bildirib ki, bir zamanlar məcburiyyət qarşısında qalıb Qərbi Azərbaycandan, xüsusən də Zəngəzur bölgəsindən köçənlər Azərbaycan sərhədləri boyunca ərazilərə pənah aparıblar.
İrəvan xanlığının Dağ Borçalı, Ağbaba mahalından, Qızılqoç, Kalinin, Gümrü və digər rayonlardan olanlar isə Gürcüstana, Aran Borçalıya üz tutublar. Onların bir çoxları Gürcüstanda Bolnisi, Marneuli, Qardabani, Rustavi, eləcə də paytaxt Tbilisidə məskunlaşıblar. Lakin bəziləri sonradan Azərbaycana köçüblər.
R.Bəkirov deyir ki, Qərbi azərbaycanlıların ilk köçürülməsi İrəvan xanlığının və şəhərinin süqutundan sonra 1820-ci ilin oktyabrında baş verib. Onların bir hissəsi, Xasıyevlər nəslinin nümayəndələri Bolnisi rayonunun Kəpənəkçi kəndində məskunlaşıblar. Lakin bu köç bununla bitməyib. Ermənilərin xarici havadarlarının köməyi ilə azərbaycanlılara qarşı təzyiqi davam edib və 1827-ci ildən başlayaraq 1988-ci ilə qədər İrəvandan, Ağbaba mahalından, Qızılqoçdan, Cəlaloğlu, Quzukənddən minlərlə azərbaycanlı ailə Gürcüstana pənah gətirib. Bu gün Gürcüstanın Daştəpə bölgəsinə el arasında da Amasiya deyirlər, çünki İrəvanın Amasiya mahalından köçürülənlər məhz Daştəpə ərazisində məskunlaşıblar.
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunun Şulaver kəndindən Ağbaba mahalından gəlmiş yüzlərlə insan yaşayır. Marneulinin özündə və paytaxt Tbilisidə də onların sayı çoxdur.
R.Bəkirovun sözlərinə görə, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması ilə görüşündən sonra onların hamısı hərəkətə keçib. Onların hamısı öz doğma dədə-baba yurdlarına qayıtmaq istəyirlər. Onların yaşadıqları ərazilər, kəndlər də boşdur və öz əsl sahiblərini gözləyir.
“Gürcüstanda yaşayan Qərbi azərbaycanlılar inanırlar ki, o torpaqlara qayıdacaqlar. Necə ki, bu gün azərbaycanlılar işğaldan azad edilmiş ərazilərə qayıdırlar, Qərbi azərbaycanlılar da eləcə öz torpaqlarına qayıdacaqlarına inanırlar”, – deyə R.Bəkirov vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2023-01-25 18:16:00