×
A
A
A
Sazlamalar

Böyük Britaniya səfirinin iştirakı ilə maarifləndirici təlimlər baş tutub

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ouldun da iştirakı ilə Ağcabədi rayon Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində erkən nikah və bu kimi sosial məsələlər üzrə maarifləndirici təlimlər baş tutub.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən BREN layihəsi Cənubi Qafqazda qeyri-dövlət aktorlarının və qadın hüquqları təşkilatlarının dayanıqlılığını artıraraq, onların bu regionda sülh, sabitlik və təhlükəsizliyə transformativ, inklüziv və davamlı töhfələr verə bilmək qabiliyyətini gücləndirmək məqsədi daşıyır.
Sessiyalarda erkən nikahlar, məişət zorakılığı və onun formaları, zorakılıqla mübarizə mexanizmləri və insan hüquqları haqqında müzakirələr aparılmış və bunun nəticəsində məktəblərdə bullinqlə mübarizə, gender bərabərliyi, stereotiplər mövzularında şagirdlərin tənqidi təfəkkürünün inkişaf etdirilməsi prosesi sürətləndirilib.
Yerli icra orqanının nümayəndəsi Ceyhun Məmmədovun və məktəb direktoru Gülbikə Məmmədovun açılış nitqi ilə başlayan maarifləndirici sessiyalarda Gender Hub Azərbaycan Platformasının həmtəsisçisi Roman Qocayev və FemACT “Qadınlar Fondu Azərbaycan”ın təsisçisi Pərvanə Məmmədova təlimçi kimi çıxış edib. Sessiyalarda 30-a yaxın gənc müəllim və 120-yə yaxın şagird iştirak edib.

Cəmiyyət 2023-01-25 17:47:00