×
A
A
A
Sazlamalar

İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu müzakirə olunub

Bakı, 25 yanvar, AZƏRTAC

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkilatçılığı ilə yanvarın 25-də ADA Universitetində “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin rolu” mövzusuna həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə baş tutan tədbir fəxri qonaqların açılış nitqləri ilə başlayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iqlim dəyişikliyinin fəsadlarından və cəmiyyətin iqlim dəyişikliyi mövzusunda maarifləndirilməsində gənclərin əvəzsiz rolundan danışıb.
Tədbir Sadiq Qurbanov tərəfindən həyata keçirilən seminarla davam edib. İştirakçılar “İqlim dəyişikliyinin səbəbləri və qarşısının alınması yolları” mövzusunda interaktiv seminarda fəal iştirak ediblər.
Gənclər “İqlim dəyişikliyinin yaratdığı problemlərin təhlili və mümkün həll yolları” mövzusunda qrup işi zamanı fəal müzakirələr əsasında mövzu barədə bilik dairələrini daha da genişləndiriblər. İştirakçıların tədbirdən öncə həyata keçirilən onlayn hazırlıq sessiyasında əldə etdikləri biliklər onlara qısa müddət ərzində ortaya qoyulmuş problemlərə real həll yollarını təklif edə bilmələrinə yardımçı olub.
Sonda “İqlim dəyişikliyi gənclərin gözü ilə: innovativ yanaşma və həll yolları” mövzusu ətrafında iştirakçılarının müzakirələr əsasında formalaşdırdığı işçi sənədlərin təqdimatları baş tutub və iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, iqlim dəyişikliyinin fəsadları, xüsusilə, Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdə nəzərəçarpacaq dərəcədə hiss edilir. Bu fəsadlar gənclərin təhsil, şəxsi inkişaf kimi bir çox imkanlardan məhrum olmasına birbaşa təsir göstərir. QHGT-nin Azərbaycandakı milli bölməsinin təşəbbüsü ilə ilk dəfə Azərbaycanda keçirilən iqlim dəyişikliyi mövzusuna həsr olunmuş silsilə tədbirlər QH-yə üzv ölkələrin milli bölmələrinin təşkilatçılığı ilə davam etdiriləcək.
Xatırladaq ki, 2021-ci ilin oktyabrında Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biri olan QHGT Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Hərəkata sədrliyi dövründə irəli sürülən təşəbbüslərdən biridir. Bir ildən artıq müddətdir ki, fəaliyyət göstərən təşkilat tərəfindən həyata keçirilən maarifləndirici tədbirlərin əsas məqsədi cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir.

 

Cəmiyyət 2023-01-25 17:01:00