×
A
A
A
Sazlamalar

Münxen şəhərinin Baş prokuroru prokurorluq orqanlarımızda aparılan islahatlar barədə məlumatlandırılıb

Bakı, 25 yanvar, AZƏRTAC

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münxen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Bu barədə Baş Prokurorluqdan AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluqda keçirilmiş görüşdə Kamran Əliyev qonaqlara ölkələrimiz arasında tarixi köklərə söykənən əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.
Baş prokuror dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən 2020-ci ilin iyununda təsdiq olunmuş yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar və əmlakların bərpası üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.
Səfərə dəvətə və səmimi görüşə görə təşəkkürünü bildirən Reinhald Röttle ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnunluğunu bildirib. Qonaq rəhbərlik etdiyi Bavariya vilayətinin prokurorluq orqanları ilə ölkəmizin prokurorluq orqanları arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını deyib.
Cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın zəruriliyi vurğulanıb.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, Beynəlxalq Prokurorlar Assosiasiyası və Avrocast çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşdə Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann iştirak edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir. Qonaqlar prokurorluğun fəaliyyəti, həmçinin ölkəmizin tarixi, milli-mədəni abidələri ilə tanış olacaqlar.

Cəmiyyət 2023-01-25 15:30:00