×
A
A
A
Sazlamalar

Ombudsman: Ermənistan uzun illər Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb

Bakı, 25 yanvar, AZƏRTAC

Ermənistan tərəfindən Azərbaycana qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm də kəskin milli, irqi və dini nifrət zəminində işğalçılıq, etnik təmizləmə, soyqırımı, terrorçuluq siyasəti həyata keçirilib. Bunun acı nəticəsi olaraq, Azərbaycan ərazilərinin 20 faizindən çoxu 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılıb, bir milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslər də amansızcasına qətlə yetirilib və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər alıb, habelə əsir və itkin düşüb, girov götürülüblər.
Bu fikirlər Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın beynəlxalq təşkilatlara ünvanladığı müraciətində əksini tapıb.
Ombudsman qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxs olmaqla, ümumilikdə 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşüb. Onlardan 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri isə yaşlı insanlar olub. Ermənistan tərəfindən əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə, qeyri-insani formada basdırılıb.

Cəmiyyət 2023-01-25 13:05:00