×
A
A
A
Sazlamalar

Meksika mətbuatı 20 Yanvar faciəsinin 33-cü ildönümündən yazıb

Bakı, 25 yanvar, AZƏRTAC
Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin Azərbaycanda 20 Yanvar faciəsinin qurbanlarının yad edilməsi haqda məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində keçirilmiş anım tədbirində çıxış edən səfir Məmməd Talıbovun sözlərinə istinad edən müəllif, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusu bölmələri və xüsusi təyinatlılar tərəfindən dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı törədilən, 150 mülki şəxsin qətlə yetirilməsi, habelə 744 nəfərin ağır yaralanması ilə nəticələnən qətliam barədə məlumat verir. Həmçinin faciəvi hadisələrdən dərhal sonra – yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiyi diqqətə çatdırılır. Bildirilir ki, Ulu Öndər Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pisləyib, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb edib. Azərbaycan Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilərək, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan olunub.
Sonra 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu vurğulanır. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı addımların bundan sonra da layiqincə cavablandırılacağı diqqətə çatdırılır.

20 yanvar 2023-01-25 03:14:00