×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi ilə bağlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının təşkilatçılığı ilə Xətai rayonu ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hüzn və şərəf səhifəsi kimi tariximizdə yeri olan 20 Yanvar faciəsinin əsl mahiyyətinin gələcək nəsillərə çatdırılmasında, gənclərə vətənpərvərlik hissinin aşılanmasında belə tədbirlərin əhəmiyyətini vurğulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” çağırışını xatırladıb.
“Ümummilli Liderin siyasi kursunu son 19 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyev daim bu hədəfi də açıqlayır ki, tarixi paralellər fonunda müqayisəli təhlil aparılmalı, gənclərimiz müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidirlər”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri 1990-cı il 20 Yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib.
Digər çıxış edənlər 20 Yanvar faciəsinin tariximizin hüzn və şərəf səhifəsi kimi qeyd olunduğunu bildiriblər.
Eyni zamanda, diqqətə çatdırılıb ki, inşa yazı müsabiqəsi 20 Yanvar faciəsinin əsl mahiyyətinin öyrənilməsi, yetişməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, istedadlı şagirdlərin öz bacarıqlarını nümayiş etdirmələri baxımından əhəmiyyətlidir.
Müsabiqəyə təqdim olunmuş yazıları qiymətləndirmək üçün yaradılmış münsiflər heyətinin üzvü Mahir Hümbətov yazıların hər birinin torpaq, Vətən sevgisini özündə ehtiva etdiyini vurğulayıb.
Sonda müsabiqənin qalibləri və həvəsləndirici yerə layiq görülən şagirdlərə diplom və hədiyyələr təqdim edilib.

20 yanvar 2023-01-24 21:38:00